Uşaqlarda iştahsızlığın səbəbi bu ola bilər - Həkimdən XƏBƏRDARLIQ
"Dəmir azlığı uşaqlarda iştahsızlığın ən çox görülən səbəblərindəndir. Dəmiri çatmayan uşaq patoloji yeməyə meyli olur. Əlinə nə keçdi, ağzına aparır. Təbaşir, mel, torpaq yemək istəyir. Hər hansı bir yeyilməməli olan qidaya qarşı uşaqda iştah meyli olur. Yəni dəmir əksikliyi həm təhrif olunmuş iştaha, həm də ciddi iştahsızlığa səbəb ola bilir. Sadə bir qan analizi ilə biz bunu müəyyən edirik".
Redaktor.az xəbər verir ki, bu sözləri həkim-pediatr Günay Rəsulova sosial media hesabında paylaşıb.
Onun sözlərinə görə, dəmir əksikliyini düzəltdikdən sonra uşağın yeməyi yaxşılaşır:
"Zehni və nitq inkişafı edir. Hətta gizli dəmir əksikliyi uşaqda İQ-nun aşağı düşməsinə belə gətirib çıxara bilər. Odur ki, dəmir orqanizm üçün çox vacib mikroelementdir. Sadə testlər vasitəsilə o əksiklik var, yoxdursa, biz yoxlayırıq. Ona görə rutin müayinələrdə heç bir problemi olmayan uşağın belə ildə bir dəfə lazımi analizlərdən keçməsi çox vacibdir ki, uşaq sağlam inkişaf etsin.
Necə ki, bitkiyə su çatmır, su verirsən, başlayır yaşıllaşır, göyərir, boy artırır, onun kimi də uşaq orqanizmi. Nə olsun, öz-özünə böyüyən bir orqanizmdir, amma ona dəstək hər zaman lazımdır. Ona görə mən həmişə deyirəm, pediatrik rutinləri əksik etməməlidirlər. İlk 6 ay hər ay, 6 ayla 1 yaş arası 1-2 ayda bir, 1 yaşla 18 ay arası 3 ayda bir, 18 ayla 2 yaş arası 6 ayda bir, 2 yaşla 3 yaş arası 6 ayda bir, 3 yaşdan sonra ildə bir dəfə, 18 yaşa qədər hər uşağın pediatr müayinəsindən keçməsi çox vacibdir".
Həkim vurğulayıb ki, yeniyetməlik dövründə böyümə-inkişafın nəzarəti çox vacibdir, çünki artıq çox gec qalına bilər:
"Müasir dünyada, tibbin bu dərəcədə inkişaf etdiyi dövrdə uşaq balaca boy qalır. Halbuki, bunu biz zamanında bilsəydik, uşaq gəlib ən azından ailə boyuna uyğun boyda olacaqdı. Ona görə ildə bir müayinə ona görə vacibdir ki, biz pediatrik kabinetdə uşağı təpədən dırnağa yoxlayaraq, onun böyüməsinə xüsusilə çox ciddi fikir veririk. Gözəyarı baxıb, “bunun deyəsən çəkisi azdır, bunun deyəsən boyu azdır” demirik. Onun persentillərini hesablayırıq, ailə boy hədəfini hesablayırıq. Nə dərəcədə geri qalır, narahat olmaq lazımdırmı, yoxsa gözləyə bilərikmi?".
Aytəkin TOFİQQIZI













