Qan laxtalanması nədir və nə zaman təhlükəli olur? - Həkimdən XƏBƏRDARLIQ
Son zamanlar “qan laxtalanması” ifadəsinə tez-tez rast gəlirik. Bəs əslində qan laxtalanması nə deməkdir? Hansı hallarda normal fizioloji proses sayılır, hansı hallarda isə insan sağlamlığı üçün ciddi risk daşıyır?
Qan laxtalanması hansı səbəblərdən yaranır və təhlükəli trombun əmələ gəldiyini göstərən əlamətlər hansılardır?
Mövzu ilə bağlı Redaktor.az-a danışan həkim-terapevt Şahvələd Məmmədov bildirdi ki, laxtalanma prosesi orqanizmin qan dövranında çox böyük rol oynayan prosesdir:
"Laxtalanma qanın maye haldan tromb əmələgəlmə mərhələsinə keçməsi ilə bağlı mürəkkəb fizioloji prosesdir. Uşaqdan böyüyə qədər hər bir insanın orqanizmində laxtalanma sistemi normal fəaliyyət göstərməlidir. Bu proses müxtəlif qan göstəriciləri ilə qiymətləndirilir. Qanın laxtalanma vaxtının müəyyən müddəti var və müxtəlif aparatlar bu göstəriciləri fərqli hesablamalarla müəyyən edir. Tutalım ki, bəzi hallarda 3-5 dəqiqə, bəzi üsullarda isə 5-10 dəqiqə arasında göstəricilər nəzərə alınır. Ümumiyyətlə, insanlar arasında “qanın tez laxtalanması” və yaxud “gec laxtalanması” kimi ifadələr işlədilir. Təbii ki, bu hallar müxtəlif patologiyalarda və xəstəliklərdə özünü büruzə verə bilər. Ona görə də yaşla əlaqədar olaraq, xüsusilə xroniki xəstəlikləri olan, ürək-damar və beyin qan dövranı xəstəliklərindən əziyyət çəkən insanlar mütəmadi şəkildə laxtalanma faktorlarını yoxlatdırmalıdırlar".
Həkimin sözlərinə görə, laxtalanma faktorları dedikdə protrombin indeksi, laxtalanma vaxtı, APTT və INR kimi qan göstəriciləri nəzərdə tutulur:
"Xroniki xəstələr dispanser nəzarətində olduqda bu göstəricilər mütəmadi yoxlanılır. Bu göstəricilər uzun müddət nəzarətsiz qaldıqda müxtəlif risklər yarana bilər. Qanın laxtalanma sistemi nəzarətdə saxlanılmadıqda, qandurulaşdırıcı preparatlara ehtiyacı olan xəstə həmin dərmanları qəbul etmədikdə müxtəlif kardiovaskulyar və ya serebrovaskulyar fəsadların yaranma riski arta bilər. Bu, infarkt, insult, ağciyər arteriyasının tromboemboliyası və digər ciddi fəsadlara səbəb ola bilər. Ona görə də insanlar laxtalanma faktorlarını mütəmadi yoxlatdırmalı, xüsusilə yaşlı və xroniki xəstəlikləri olan şəxslər bu göstəriciləri nəzarətdə saxlamalıdırlar. Tutalım ki, laxtalanma yüksəkdirsə, həkim göstərişinə əsasən qandurulaşdırıcı dərmanlar və yaxud trombositlərin bir-birinə yapışmasının qarşısını alan antiagreqant preparatlar təyin oluna bilər".
NURİYYƏ













