"Restoranlarda şəffaf mətbəx mexanizmi fəaliyyət göstərməlidir" - Ekspertdən TƏKLİF

 16:35 14.08.2026     535

Mövsümlə əlaqədar olaraq yay aylarında insanların istirahət və qidalanma üçün dənizkənarı restoranlara marağı artır. Xüsusilə isti havalarda dəniz mənzərəsi olan məkanlarda balıq və müxtəlif dəniz məhsullarından hazırlanan yeməklərə üstünlük verilir. 

Bu da insanlarda belə bir sual yaradır: Yay aylarında balıq və digər dəniz məhsullarından istifadə etmək nə dərəcədə təhlükəsizdir? Bu məhsulları seçərkən və qəbul edərkən hansı məqamlara diqqət yetirmək lazımdır?

Redaktor.az-a danışan qida eksperti İlkin Şirinov bildirdi ki, ümumiyyətlə, yay aylarında balıq və dəniz məhsullarının krevet, kalmar, midiya, molyusk və digər balıq məhsullarının yeyilməsi ilə bağlı hər hansı qadağa yoxdur:

"Sadəcə olaraq, havaların istiləşməsi, məhsulların daha tez xarab olması, həmçinin məhsulların hazırlandığı kafe, restoran və otellərin mətbəxlərinin sanitar qaydalara cavab verməsi əsas diqqət yetirilməli amillərdəndir. Əvvəla, müştərilər və istehlakçılar hansı oteldə və ya restoranda yemək yeyəcəklərinə diqqət etməlidirlər. Həmin restoranın mətbəxində bu məhsulların hazırlanması və saxlanılması üçün şəraitin, eləcə də qida təhlükəsizliyi normalarının tələblərə cavab verib-vermədiyi nəzərə alınmalıdır".

Bu məhsulları alarkən diqqətli olun, əks halda… | KONKRET

Müsahibimiz qeyd etdi ki, restoranlarda şəffaf mətbəx mexanizmi artıq fəaliyyət göstərməlidir:

"Əslində, bu mexanizm çoxdan tətbiq olunmalı idi ki, hər bir insan yediyi qidanın, hazırlanan yeməyin, onun hazırlanmasında istifadə olunan ədviyyatların, xammalların, dadlandırıcıların və digər məhsulların saxlama şəraitini, eləcə də yeməyin necə hazırlandığını öz gözü ilə görə bilsin. Bu, insanların hər hansı şübhəsinin qarşısını almaq baxımından vacibdir.

Həmçinin dəniz məhsullarının istifadəsi ilə bağlı havaların istiləşməsi səbəbindən qüvvəyə minmiş hər hansı xüsusi qadağa yoxdur. Biz hər zaman deyirdik ki, balıqların kürü tökməsi ilə əlaqədar olaraq onların yayda tutulması və ovlanması qadağandır. Bu, balıqların nəsilartırma məsələsi ilə bağlıdır. Digər məsələlərdə isə, xüsusilə dəniz məhsullarının və onlardan hazırlanan qidaların saxlanma şəraitinə diqqət yetirilməlidir. Əgər məhsul bir dəfə donu açıldıqdan sonra yenidən dondurulursa, artıq burada zəhərlənmə üçün birbaşa şərait yaratmış oluruq. Digər məsələ həmin məhsulların və xammalın alındığı müəssisələrlə, yəni dəniz məhsullarının satışı ilə məşğul olan distribütor şirkətlərlə bağlıdır. Onların məhsulların çatdırılması zamanı bütün tələblərə əməl etməsi vacibdir. Çünki havaların istiləşməsi ilə əlaqədar dəniz məhsullarının istənilən avtomobillə restoran və kafelərə çatdırılmasına yol verilmir".

Ekspertin sözlərinə görə, bu məhsullar xüsusi soyuducu sistemlə təchiz olunmuş maşınlarda daşınmalıdır:

"Bir məsələ də həmin dəniz məhsullarını qəbul edən kafe, restoran və otellərlə bağlıdır. Dəniz məhsullarının saatlarla, hətta günlərlə həmin müəssisələrin anbarlarında saxlanılması artıq müştərilərin, istehlakçıların sağlamlığına biganəliyin göstəricisidir. Dəniz məhsulları müəssisəyə gətirildiyi anda təhvil alınmalı və soyuq qida zənciri qırılmadan müvafiq donduruculara yerləşdirilməlidir. Bu, məhsulun saxlanıldığı müddət ərzində donunun açılmaması üçün vacibdir.

Digər tərəfdən, insanların dəniz məhsullarını evdə hazırlaması da mümkündür. Burada da əsas diqqət yetirilməli məqamlar məhsulun keyfiyyəti və onun əldə edildiyi mənbədir. Çünki bəzən dəniz məhsulları, o cümlədən krevet, kalmar və molyusklar çirklənmiş sulardan götürülə və gətirilə bilər. Bu halda, soyuq qida zəncirini nəzərə almasaq belə, məhsulların mənbəyi məsələsi ortaya çıxır. Məhsulun mənbəyi düzgün seçilmədikdə müxtəlif problemlər yarana bilər", - deyə İlkin Şirinov vurğuladı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən