Burun tutulması və asqırma nədən xəbər verir? - Həkimdən AÇIQLAMA
Bəzən insanlar burun tutulması, burundan selik ifrazı, asqırma kimi əlamətləri önəmsəmir və sadə allergik əlamət olduğunu düşünür.
Bəs maraqlıdır, bu əlamətlər başqa nədən xəbər verə bilər?
Redaktor.az-a mövzu ilə bağlı açıqlama verən allerqoloq Gülnar Quliyeva bildirdi ki, əgər burunla bağlı müəyyən şikayətlərdən uzun müddət əziyyət çəkirsinizsə, bu, allergik rinitin əlaməti ola bilər:
"Allergik rinit geniş yayılmış xəstəliklərdən biridir və xüsusilə allergenlərlə təmasdan sonra özünü daha qabarıq şəkildə göstərir. Allergik rinitin əsas və xarakterik əlamətləri burundan nəfəs almağın çətinləşməsi, tez-tez asqırma, burundan seliyin ifraz olunması və burunda qaşınmadır. Bəzi pasiyentlərdə bu simptomların dördü də eyni vaxtda müşahidə olunur. Lakin hər bir insanda xəstəlik eyni şəkildə özünü göstərmir. Bəzi pasiyentlər yalnız bir simptomdan, məsələn, burun tutulmasından və ya burunda qaşınmadan əziyyət çəkə bilər. Buna görə də simptomların sayından asılı olmayaraq, uzun müddət davam edən şikayətlərə ciddi yanaşmaq lazımdır".
Həkim qeyd etdi ki, allergik rinitin digər mühüm xüsusiyyəti onun uzunmüddətli xarakter daşımasıdır:
"Xəstəlik aylarla, hətta illərlə davam edə və insanın həyat keyfiyyətinə mənfi təsir göstərə bilər. Burun tutulması səbəbindən yuxu pozula, gecələr ağızdan nəfəsalma yarana və gündəlik fəaliyyətlər çətinləşə bilər. Allergik rinit bronxial astmanın inkişafı üçün risk yaradan amillərdən biri hesab olunur. Xəstəliyin gedişində müxtəlif faktorlar, o cümlədən stress, virus infeksiyaları, soyuqdəymə, bəzi kimyəvi maddələrlə təmas və zərərli vərdişlər tənəffüs yollarında problemləri daha da ağırlaşdıra bilər. Nəticədə allergik rinit fonunda aşağı tənəffüs yollarının da prosesə cəlb olunması və bronxial astma əlamətlərinin meydana çıxması mümkündür. Bu səbəbdən burun tutulması, davamlı asqırma, burundan selik gəlməsi və burunda qaşınma kimi şikayətlər uzun müddət davam edirsə, onları sadəcə adi soyuqdəymə kimi qiymətləndirmək düzgün deyil. Vaxtında həkimə müraciət etmək, xəstəliyin səbəbini müəyyənləşdirmək və uyğun müalicəyə başlamaq vacibdir. Erkən diaqnostika həm simptomların nəzarətdə saxlanmasına, həm də xəstəliyin ağırlaşma riskinin azaldılmasına kömək edə bilər".
Xədicə BAXIŞLI













