Alimlər donor hüceyrələrini immun sistemindən gizlədən örtük hazırladılar
Pensilvaniya Universitetinin alimləri donor hüceyrələrini immun sistemi üçün demək olar ki, “görünməz” edən ultranazik örtük hazırlayıblar.
Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri “Nature Biomedical Engineering” (NBE) jurnalında dərc olunub.
Hazırda diabetin hüceyrə terapiyası zamanı transplantasiya edilən insulin istehsal edən hüceyrələr immun sisteminin hücumuna məruz qalaraq qısa müddət ərzində fəaliyyətini itirir. Bunun qarşısını almaq üçün pasiyentlər davamlı olaraq immun sistemini zəiflədən preparatlar qəbul etməlidirlər. Lakin bu dərmanlar infeksiyalar və digər ciddi fəsadların yaranması riskini artırır.
Tədqiqatçılar qalınlığı cəmi 20 mikrometrə yaxın olan hidrogel əsaslı qoruyucu örtük hazırlayıblar. Bu örtük insan yumurta hüceyrəsini əhatə edən təbii qoruyucu təbəqəni təqlid edir. Hazırlanan örtük donor hüceyrələrini immun sistemindən gizlətməklə yanaşı, onların insulin ifraz etməsinə mane olmur.
Alimlər texnologiyanı diabetli siçanlar üzərində sınaqdan keçiriblər. Nəticələrə görə, qoruyucu örtüklə “maskalanmış” hüceyrələrin transplantasiyasından cəmi bir həftə sonra heyvanların qan şəkərinin səviyyəsi normallaşıb. Siçanların əksəriyyətində isə immunosupressiv dərmanlardan istifadə edilmədən 100 gündən artıq müddət ərzində normal qan şəkəri göstəriciləri qorunub.
Müqayisə üçün, qoruyucu örtük tətbiq edilmədən transplantasiya edilən adi hüceyrələr təxminən bir həftə ərzində fəaliyyətini itirib.
Tədqiqat müəlliflərinin fikrincə, bu texnologiya gələcəkdə yalnız diabetin deyil, digər xəstəliklərin müalicəsində də daha təhlükəsiz hüceyrə terapiyasının əsasını təşkil edə bilər.
Bununla belə, alimlər vurğulayırlar ki, əldə edilən nəticələr hələlik yalnız heyvanlar üzərində aparılan təcrübələrə əsaslanır. Texnologiyanın insanlarda nə dərəcədə effektiv və təhlükəsiz olduğunu müəyyənləşdirmək üçün əlavə tədqiqatlara ehtiyac var.
Xədicə BAXIŞLI













