Yüksək miqdarda yağ qəbulu mədəaltı vəzi xərçəngi riskini artırır?
Yüksək miqdarda yağ və xolesterol qəbulunun öz-özlüyündə mədəaltı vəzi xərçəngi riskini artırmadığı ehtimal olunur. Bu qənaət “Nutrients” jurnalında dərc olunan 25 araşdırmanın meta-analizində öz əksini tapıb.
Redaktor.az xəbər verir ki, tədqiqatçılar səkkiz uzunmüddətli müşahidəni və 17 araşdırmanı ayrıca təhlil ediblər. Sonuncu araşdırmalarda artıq mədəaltı vəzi xərçəngi diaqnozu qoyulmuş insanların qidalanması sağlam iştirakçıların qidalanması ilə müqayisə olunub.
Daha etibarlı hesab edilən uzunmüddətli tədqiqatlarda qida rasionunda ümumi yağ və ya xolesterolun miqdarı ilə mədəaltı vəzi xərçəngi riski arasında əlaqə aşkarlanmayıb.
Bununla belə, qidalanmanın xəstəlik diaqnozu qoyulduqdan sonra qiymətləndirildiyi araşdırmalarda fərqli nəticə əldə edilib. Yüksək xolesterol qəbulu riskin təxminən 63 faiz artması ilə əlaqələndirilib. Gündəlik əlavə olaraq qəbul edilən hər 100 milliqram xolesterol isə riskin 13 faiz artması ilə əlaqələndirilib. Lakin bu tip araşdırmalar iştirakçıların xatirələrinə daha çox əsaslandığı üçün daha az etibarlı hesab olunur.
Ümumi yağ miqdarı ilə mədəaltı vəzi xərçəngi arasında isə heç bir araşdırma növündə əhəmiyyətli əlaqə müəyyən edilməyib.
Alimlər bildirirlər ki, burada yağın miqdarından daha çox onun növü əhəmiyyətli ola bilər. Doymamış yağlar balıq, qoz-fındıq və bitki yağlarında, doymuş yağlar yağlı ət və kərə yağında, trans yağlar isə bəzi sənaye üsulu ilə hazırlanan un məmulatlarında və fastfud məhsullarında olur.
Müəlliflər vurğulayırlar ki, hazırkı məlumatlar mədəaltı vəzi xərçənginin profilaktikası məqsədilə yağ və ya xolesterol qəbulunun azaldılmasını tövsiyə etmək üçün kifayət deyil.
Qeyd edək ki, daha əvvəl alimlər kaspaza-1 fermentinin bloklanmasının ağciyər xərçənginin inkişafı riskini azalda biləcəyini müəyyən ediblər.
Xədicə BAXIŞLI













