Bu meyvələrin qəbulu sağlamlıq üçün zərərli ola bilər - XƏBƏRDARLIQ
Uzunömürlülük üzrə ekspert Dieqo Suares bəzi meyvə və giləmeyvələrin sağlamlıq üçün zərərli ola biləcəyini bildirərək onların qida rasionunda məhdudlaşdırılmasını tövsiyə edib.
Redaktor.az xəbər verir ki, onun sözlərini “20minutos” nəşri yayıb.
“Banan təmiz fruktozadan ibarətdir. Yetişmiş bananda bir xörək qaşığı “Nutella” qədər şəkər var”, - deyə Suares xəbərdarlıq edib.
O, qarında köp, artıq çəki və davamlı yorğunluqdan əziyyət çəkən insanlara banandan uzaq durmağı tövsiyə edib. Ekspert bunun qanda insulin səviyyəsinin kəskin artmasına səbəb ola biləcəyini bildirib.
Mütəxəssis həmçinin manqonun qida rasionuna ehtiyatla əlavə edilməsini tövsiyə edib. Onun fikrincə, bu meyvəni yalnız tropik iqlimdə yaşayan və mütəmadi olaraq idmanla məşğul olan insanlar qəbul etməlidir. Suaresin sözlərinə görə, az hərəkətli həyat tərzi keçirən insanlarda manqo orqanizmdə iltihabi proseslərin güclənməsinə səbəb ola bilər.
Bundan əlavə, ekspert üzümün də qəbulunu məhdudlaşdırmağı məsləhət görüb. Onun sözlərinə görə, üzümün qlisemik yükü yüksək olduğundan orqanizm onu qazlı içki kimi emal edir. O, həmçinin üzümün aclığı aradan qaldırmadığını, əksinə, asılılıq yarada biləcəyini iddia edib.
Qeyd edək ki, daha əvvəl dietoloq Nikol Dandrea-Russert bəzi insanlarda bananın pis həzm olunması ilə bağlı xəbərdarlıq edib. Həkimin sözlərinə görə, miqreni olan insanlarda banan baş ağrısına səbəb ola bilər.
Xədicə BAXIŞLI













