Turşu satılan bidonlarla bağlı ekspertdən mühüm XƏBƏRDARLIQ
"Ümumiyyətlə, məhsulların — turşu məhsulları, süd-qatıq məhsulları, digər qidalar olsun — üstüaçıq vəziyyətdə, toz-torpağın içində və hava şəraitindən asılı olaraq da, olmayaraq da açıq satışda satılmasına qətiyyən yol verilməzdir. Turşularda botulizmlə zəhərlənmə məsələsi var. Botulizmlə zəhərlənmə ölümə qədər gətirib çıxarda bilən bir fəsadla yekunlaşır. Bu səbəbdən də turşuların qoxusu, rəngi, həmçinin onun suyunun bulanıqlığı — turşuların artıq təhlükəli olmağından xəbər verir. Çünki ev şəraitində hazırlanan və bazarlarda bu cür satışa çıxarılan turşularda sirkə və duzun nisbəti hansı formada istifadə olunur, bilinmir. Burada heç bir mütəxəssis rəyindən, məsləhətindən istifadə olunmur. Sadəcə bazarlarda məhsul satanlar, öz şəxsi ev şəraitində özlərinin ürəyi istəyən formada duzdan, sirkədən istifadə edərək turşuları hazırlayırlar".
Bu fikirləri Redaktor.az-a açıqlamasında qida eksperti İlkin Şirinov bazaralrda satılan məhsulların təhlükələrindən danışarkən bildirdi.
Onun sözlərinə görə, bəlkə də turşuların hazırlandığı qablar, həmin turşular hazırlanan bidonlar qida üçün nəzərdə tutulmayıb:
"Həmin bidonlar qida ilə təmasda onların müxtəlif kimyəvi fəsadları ola bilər. Turşu ilə təmasda həmin o qablarda müxtəlif kimyəvi ayrılmalar baş verə bilər, kimyəvi reaksiyalar gedə bilər. Amma bunun fərqinə varılmadan, bəlkə də o heç qida üçün nəzərdə tutulmayıb, müxtəlif tikinti materialı üçün, müxtəlif rənglər üçün, boyalar üçün nəzərdə tutulmuş həmin o bidonlarda, plastmas bidonlarda turşular hazırlanır və sonra da günəş şüasının altında, heç bir qorumadan istifadə etmədən, heç bir sanitar-gigiyenik normalara istifadə etmədən bazarlarda açıq şəkildə satılır. İnsanlar da sanki bunu açıq şəkildə satışını görüb təbiidir, keyfiyyətlidir, yəni heç bir ziyanı olmaz adı ilə bunu alırlar. Sonda da zəhərlənmə prosesi baş verir, sonda da insanların sağlamlığına müxtəlif ziyanlar olur və şikayət edəcəkləri yer belə olmur. Mən ona görə hər zaman deyirəm ki, markalanmamış məhsullardan qaçmaq lazımdır, markalanmamış məhsulları almaq düzgün deyil. Markalanmamış məhsullardan istifadə insanların sağlamlığında fəsadlara yol aça bilər. Məsələn, həmişə deyirik ki, əti sanitar normalardan keçmiş, baytarlıq şəhadətnaməsi olan, qida sertifikatları olan ət satışı məntəqələrindən ət alın".
Həmsöhbətimiz vurğuladı ki, bu məhsulların açıq şəkildə satılmasına qətiyyən yol verilməməlidir:

"Dəfələrlə bazarlarda görmüşəm — turşunu satıb qurtarandan sonra onun suyunu həmin o bidonlardan, çəlləklərdən boşaldırlar yerə, bazarın içinə. Orada bir antisanitar vəziyyət yaranır. Birinci növbədə bazarların özündə bir monitorinq təşkil olunmalıdır ki, bu monitorinq nəticəsində bazarlarda antisanitar vəziyyət aradan qaldırılsın. Heç bir məhsul qonşuluğuna riayət eləmədən turşunun yanında balıq satırlar, balığın yanında süd məhsulu satırlar, süd məhsulunun yanında bir kənd çolpası adı ilə açıq formada toyuqları satırlar. Yəni bu cür antisanitar vəziyyətdə, heç bir sanitar-gigiyena normalarına əməl eləmədən satılan mallar, təbii ki, insanların da sağlamlığında fəsadlar yaradacaq".
Aytəkin TOFİQQIZI













