Sosial media yaddaşı və intellekti zəiflədir? – Baş həkimdən AÇIQLAMA
"Bizim beynimiz çox çevik bir orqandır və daim qəbul etdiyi informasiya, eləcə də təkrarlanan davranışlara uyğunlaşır. Bu gün çox sürətli informasiya axını ilə qarşılaşırıq. Qısa videolar, ard-arda dəyişən görüntülər, bildirişlər və müxtəlif məlumatlar diqqətimizi tez-tez bir mövzudan digərinə keçirməyə öyrəşdirir".
Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının Baş həkimi Leyla Bəşirova bildirdi.
Onun sözlərinə görə, bu, o demək deyil ki, sosial media insanın yaddaşını və ya intellektini mütləq zəiflədir:
"Daha çox onun diqqətin idarə olunmasına, uzun müddət bir işə fokuslanmasına və informasiyanı seçməsinə təsirindən danışmaq olar. Hətta, tutaq ki, bir insan kitaba fokuslanaraq oxumaq istəyir, lakin beyin artıq tez-tez dəyişən informasiyaya öyrəşib. Bu zaman insan bir müddət sonra diqqətini toplayaraq kitabın davamını oxumaqda çətinlik çəkə bilər. Çünki diqqəti daha tez yayınır. Yəni sürətli və davamlı dəyişən informasiya axınının belə bir təsiri ola bilər. Amma bunun insanın yaddaşını və ya intellektini mütləq zəiflətdiyini demək düzgün olmaz".
NURİYYƏ













