Mənfi şərhlər insan həyatına necə təsir edir? - Psixiatrdan AÇIQLAMA
"Mənfi şərhlər insanın psixikasına düşündüyümüzdən daha çox təsir edə bilər. Biz bəzən deyirik ki, “İnternetdə yazılıb, fikir vermə”, amma insan beyni bunu həmişə belə qəbul etmir".
Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının Baş həkimi Leyla Bəşirova bildirdi.
Həkimin sözlərinə görə, təhqir, alçaltma, lağa qoyulma və ya kütləvi şəkildə mənfi münasibətlə qarşılaşmaq insanın özünəinamına, özünəgüvəninə və özünüqiymətləndirməsinə təsir göstərə bilər:
"Xüsusilə bu, davamlı xarakter daşıyırsa, insanda gərginlik, təşviş, yuxu pozuntusu, özünəqapanma və depressiya əlamətləri yarada bilər. Bu məsələ uşaqlarda və yeniyetmələrdə daha həssasdır. Çünki yeniyetməlik dövründə insan üçün həmyaşıdlarının fikri və onlar tərəfindən qəbul olunmaq çox önəmlidir. Bilirik ki, yeniyetmələr bəzən valideynlərinin, yaxınlarının və qohumlarının sözünə daha az əhəmiyyət verir, həmyaşıdlarının və kənardan gələn fikirləri isə daha vacib hesab edirlər".
NURİYYƏ













