“Sosial media yeniyetmələrin beynini korlayır demək düzgün deyil” - AÇIQLAMA

 15:23 19.08.2026     424

"Yeniyetməlik dövründə beyin hələ inkişaf etməyə davam edir və yeniyetmələrdə emosiyaları idarə etmək, düzgün qərar vermək və özünü nəzarətdə saxlamaqla bağlı mexanizmlər tam formalaşmamış olur. Ona görə yeniyetmələr başqalarının fikrinə, bəyənmələrə, “layk”lara və həmyaşıdları tərəfindən qəbul olunmağa böyüklərdən daha həssas yanaşırlar".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının Baş həkimi Leyla Bəşirova dedi.

Həkim bildirdi ki, sosial media yeniyetmələrin beynini korlayır demək düzgün deyil:

"Burada hər şeyistifadə formasından asılıdır. Uşaq nəyi izləyir, kimlərlə ünsiyyətdə olur, sosial mediadan nə qədər istifadə edir, sosial media onun real həyatında nəyi əvəz edir bunlara diqqət yetirmək lazımdır. Bu, əlbəttə ki, valideyndən də çox asılıdır. Valideyn əvvəlcədən övladına sosial mediada nə ilə qarşılaşa biləcəyini və buna necə reaksiya verməli olduğunu izah etsə, uşaq da buna necə düzgün reaksiya verməli olduğunu bilsə, sosial mediada qarşılaşdığı hadisələr ona o qədər də təsir etməz.

İdeal yaş məsələsinə gəldikdə isə, mən bunu hansısa bir rəqəmə əsaslandırmazdım. Çünki burada uşağın psixoloji və emosional hazırlığı daha vacibdir. Bəzən 15 yaşlı uşağa baxırıq ki, o qədər zehni inkişaf edib, bir böyük kimi düşünür, fikirləri var, böyükləri eşidir, onların sözünə riayət edir. Belə uşağa müəyyən qədər etibar etmək də olar. Bəzən isə 14-15 yaşında övlada baxırsan ki, hələ tam formalaşmayıb. Demirəm ki, əqli geridir, xeyr. Sadəcə uşaq kimidir, yəni yaşına uyğun səviyyədə inkişaf etməyib. Bu, fərdi xüsusiyyətlərdən asılıdır. Bəzən böyük insanlarda da görürük ki, tamamilə uşaq kimi davranırlar, çox saf olurlar və hər deyilən sözə inanırlar. Yəni bu məsələ daha çox insanın psixoloji və emosional hazırlığından asılıdır, nəinki yaş rəqəmindən".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən