5 yaşlı qız qızıl külçə uddu: Həkimlər mədəsindən çıxardı
Pekində həkimlər maraqdan 50 qramlıq qızıl külçəni udan 5 yaşlı qızın mədəsindən yad cismi çıxarıblar.
Redaktor.az xəbər verir ki, bu barədə “Sohu” Pekin Paytaxt Uşaq Tibb Mərkəzinə istinadən məlumat yayıb.
Tibb müəssisəsinin mətbuat xidmətindən bildirilib ki, hadisə avqustun 15-də gec saatlarda baş verib. Uşaq atası evdən getdikdən sonra uzunluğu təxminən 4 santimetr olan qızıl külçə ilə oynayıb. Daha sonra qız anasına qızılı dadmaq üçün ağzına qoyduğunu və təsadüfən udduğunu deyib.
Ailə bir neçə xəstəxanaya müraciət etsə də, yalnız Paytaxt Uşaq Tibb Mərkəzində təcili əməliyyat həyata keçirmək mümkün olub.
Qızıl külçənin udulmasından xəstəxanaya yerləşdirilənədək altı saat vaxt keçib. Bu müddət ərzində metal mədədə qalıb və onun divarlarını zədələyərək qanaxmaya səbəb ola bilərdi.
Həkimlər bir neçə dəqiqə davam edən endoskopik müdaxilə ilə yad cismi çıxarıblar. Uşaq artıq xəstəxanadan evə buraxılıb və onun həyatı üçün təhlükə yoxdur.
Qızın anası həkimlərə operativlik və diqqətlərinə görə təşəkkür edib. Mərkəzin mütəxəssisləri isə yad cismin udulması zamanı onu qida və ya içki ilə aşağı itələməyə çalışmamağı tövsiyə ediblər. Onların sözlərinə görə, bu, zədələnməni daha da ağırlaşdıra bilər.
Xədicə BAXIŞLI













