Həkim xəbərdarlıq etdi: Boyuna güclü təzyiq təhlükəlidir

 17:10 20.08.2026     301

Boyun nahiyəsinə yanlış və aqressiv şəkildə edilən masaj ciddi sağlamlıq problemlərinə, hətta insult riskinə səbəb ola bilər.

Redaktor.az lenta.ru-ya istinadla xəbər verir ki, “Medin” Tibb Mərkəzinin nevroloqu Olqa Butenko həkim məsləhəti olmadan masaj seanslarına getməyin və təsdiqlənməmiş mütəxəssislərə müraciət etməyin təhlükəli ola biləcəyini bildirib.

Onun sözlərinə görə, düzgün aparılan masaj faydalıdır. Lakin boyun nahiyəsinə güclü təzyiq göstərilməsi, başın qəfil hərəkət etdirilməsi və fəqərələri “yerinə salmağa” cəhd etmək ciddi fəsadlar yarada bilər.

Nevroloq həmçinin son illərdə populyarlaşan zərbəli masaj cihazlarından boyun nahiyəsində ehtiyatla istifadə etməyi tövsiyə edib.

Həkim bildirib ki, boyundan beyinə qan aparan mühüm damarlar keçir. Bu nahiyəyə aqressiv təsir damar divarının zədələnməsinə, trombun yaranmasına və nəticədə işemik insulta səbəb ola bilər.

Butenko qeyd edib ki, masajdan sonra qəfil və əvvəllər hiss edilməyən güclü ağrı yaranarsa, mütləq nevroloqa müraciət etmək lazımdır.

Bununla yanaşı, mütəxəssis düzgün və yumşaq şəkildə aparılan adi masajdan qorxmağa ehtiyac olmadığını vurğulayıb.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən