Bu xəstəliyi olanlar banan YEMƏSİNLƏR
Yetişmiş bananların istehlakını böyrək çatışmazlığının son mərhələsi, şəkərli diabet və qıcıqlanmış bağırsaq sindromundan əziyyət çəkən insanların məhdudlaşdırması tövsiyə olunur.
Redaktor.az xəbər verir ki, bunu “Forbes Health”in tibbi şurasının üzvü, dietoloq Malina Malkani “Parade” nəşrinə açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, xüsusilə böyrək çatışmazlığının son mərhələsində olan insanlar banan qəbuluna diqqət etməlidirlər. Belə ki, böyrəklərin fəaliyyəti pozulduqda orqanizm kaliumu lazımi səviyyədə xaric edə bilmir. Qanda kaliumun həddindən artıq yüksəlməsi isə sağlamlıq üçün təhlükəli ola bilər.
Dietoloq şəkərli diabeti olan şəxslərə də bananın miqdarını məhdudlaşdırmağı tövsiyə edib. Yetişmiş bananların tərkibində təbii şəkərlər daha çox olduğundan, onların qəbulu gündəlik qidalanmada nəzərə alınmalıdır.
Həkim qıcıqlanmış bağırsaq sindromu olan insanlara isə yaşıl, tam yetişməmiş bananlara üstünlük verməyi məsləhət görüb. Onun sözlərinə görə, belə bananlarda davamlı nişastanın miqdarı daha yüksəkdir və bu maddə bəzi insanlarda həzm sistemi tərəfindən daha yaxşı qəbul oluna bilər.
Mütəxəssis qeyd edib ki, sadalanan xəstəliklər olmayan insanların əksəriyyəti üçün gündə bir banan yemək təhlükəsiz hesab olunur. Bununla belə, o, qidalanmanı yalnız bir məhsul üzərində qurmağın düzgün olmadığını vurğulayıb.
Dietoloqun fikrincə, bağırsaq sağlamlığı üçün müxtəlif qidaların, o cümlədən tərəvəz, meyvə və tam taxıllı məhsulların qəbul edilməsi vacibdir.
NURİYYƏ













