Uşaqların immunitetini gücləndirmək üçün bunlara diqqət EDİN
Uşağın immunitetini tək bir dərman və ya xalq üsulu ilə gücləndirmək mümkün deyil
Redaktor.az xəbər verir ki, bunu pediatr Yekaterina Morozova lenta.ru-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, sağlam immun sistem üçün əsas şərtlər düzgün yuxu, balanslı qidalanma, hərəkət və kifayət qədər istirahətdir.
Həkim qeyd edib ki, uşaqların vaxtında peyvənd olunması, otaqların mütəmadi havalandırılması və əllərin yuyulması infeksiyalardan qorunmaq üçün vacibdir.
6-12 yaşlı uşaqlar gündə 9-12 saat, yeniyetmələr isə 8-10 saat yatmalıdır. Həftə ərzində gec yatıb, həftəsonu çox yatmaq yuxu çatışmazlığını tam aradan qaldırmır.
Mütəxəssis müxtəlif qidalarla qidalanmağın da vacib olduğunu vurğulayıb. Meyvə və tərəvəzlər, zülallı qidalar, tam taxıllar və qoz-fındıq uşağın orqanizmi üçün faydalıdır. Bal, limon, sarımsaq və zəncəfil qidalanmada istifadə oluna bilər, lakin onların viruslardan qoruduğu sübut edilməyib.
Həkim əlavə edib ki, vitamin və minerallar yalnız çatışmazlıq olduqda və ya həkim tövsiyəsi ilə qəbul edilməlidir. Sağlam uşaqlara ehtiyac olmadan multivitamin vermək tövsiyə edilmir.
Morozova uşağın mütləq xəstələnməli olduğu fikrinin də yanlış olduğunu bildirib. Onun sözlərinə görə, bəzi xəstəliklər ağır keçə və fəsadlara səbəb ola bilər. Peyvəndlər isə immun sisteminin təhlükəsiz şəkildə hazırlanmasına kömək edir.
Həkim valideynlərə uşağın daim xəstələnməsi, zəif sağalması, çəki itirməsi və ya uzun müddət halsız olması halında pediatra müraciət etməyi tövsiyə edib.
Aytəkin TOFİQQIZI













