Bağçaya gedən uşaq tez-tez xəstələnirsə, valideyn nə etməlidir? - Həkim AÇIQLADI
Bəzi hallarda bağçaya gedən uşaqların tez-tez xəstələndiyini görürük. Valideynlərin eləsi var ki, uşağı bağçadan çıxarmaq lazım olduğunu düşünür. Eləsi də var ki, bunun normal olduğunu düşünür.
Bəs düzgün seçim necə olmalıdır?
Redaktor.az xəbər verir ki, həkim-pediatr Günay Rəsulova bu haqda sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, bağça yaşı da çox önəmlidir:
"Əslində, bağça yaşı 3 yaş üstüdür. Tutaq ki, 1 yaşında uşağın hələ peyvənd təqvimi tamamlanmayıb, xüsusən də peyvəndini vurdurmadan bağçaya gedib. Əgər hər dəfə xəstəliyi ağırlaşma ilə keçirir, xəstəxana yatışına ehtiyac duyulursa, əlbəttə ki, bu uşağı bağçaya göndərməmək məsləhətdir. Amma məsələn, uşaq 3 yaşını keçib, bağçaya gedir, ildə bir 7-8 dəfə üst tənəffüs yolu xəstəliyi keçirə bilər. Hər xəstəliyi simptomatik müalicə ilə keçirirsə, bu uşağın peyvəndləri tamdırsa, bu uşağın yanaşı hər hansı bir xroniki xəstəliyi yoxdursa, allergiyadan əziyyət çəkən uşaq deyilsə, bu uşaqda əlbəttə, xəstələnərək immunitet depolamasını gözləmək olar. Əsasən də bu, nə vaxt baş verir? İlk 5 yaşda baş verir. Eyni zamanda da belə uşaqlar infeksion xəstəliklərə qarşı peyvəndlidir, qorunması vardır. Belə uşağı bağçaya göndərməyə davam edə bilər ailələr rahatlıqla. Amma uşaq peyvəndsizdirsə, allergiyalı uşaqdırsa, uşağın bir də hər hansı bir xroniki xəstəliyi varsa, uşaq bağçaya gedir, hər dəfə xəstəlik zamanı uzunmüddətli antibiotik müalicəsinə ehtiyac duyur, hər dəfə xəstəlik zamanı xəstəxanaya yatışa ehtiyac duyursa, əlbəttə, bu uşağı israrla bağçaya göndərmək ona ziyandır. Belə uşaqları araşdırmaq lazımdır, niyə bu uşaq belədir. Bütün bunları valideyn sorğulamalıdır və peşəkar həkimlə bərabər bu uşağın mövcud problemini danışmalıdır, lazımdır, araşdırılmalıdır və s".
Aytəkin TOFİQQIZI













