Alimlər beynin özünü necə “qocaltdığını” müəyyən ediblər - ARAŞDIRMA
Yaş artdıqca sinir liflərini qoruyan örtüyü yaradan bəzi beyin hüceyrələri yaddaşın və digər idrak qabiliyyətlərinin zəifləməsi ilə əlaqəli dəyişikliklərə səbəb ola bilər.
Redaktor.az xəbər verir ki, bu qənaətə Edinburq Universiteti və Böyük Britaniyanın Demensiya üzrə Tədqiqat İnstitutunun alimləri gəlib. Araşdırmanın nəticələri "Nature Medicine" jurnalında dərc olunub.
Alimlər 1936-cı il təvəllüdlü şəxslərdən ibarət Lotiya qrupunun məlumatlarını araşdırıblar. İştirakçıların idrak qabiliyyətləri onilliklər ərzində izlənilib. Onlar 70-82 yaşlarında yaddaş, informasiyanın emal sürəti və məkanla bağlı bacarıqları ölçən testlərdən keçiblər.
Daha sonra alimlər testlərin nəticələrini ölümündən sonra götürülən beyin toxuması nümunələrində aşkar olunan xüsusiyyətlərlə müqayisə ediblər.
Araşdırma zamanı idrak qabiliyyətləri daha sürətlə zəifləyən şəxslərin beynində iri sinir liflərinin sayının daha az olduğu və mielinin – sinir siqnallarının beyin boyunca sürətlə ötürülməsinə kömək edən qoruyucu örtüyün – bütövlüyünün pozulduğu müəyyən edilib.
Tədqiqatçılar bu prosesi mielin istehsal edən oliqodendrositlərin fəaliyyəti ilə əlaqələndiriblər. İdrak qabiliyyətləri daha sürətlə zəifləyən insanlarda bu hüceyrələrdə hüceyrələri zədələnmədən qoruyan NRF2 zülalının səviyyəsinin daha aşağı olduğu aşkar edilib.
Siçanlar üzərində aparılan təcrübələr də bu əlaqəni təsdiqləyib. Alimlər oliqodendrositlərdə NRF2-nin fəaliyyətini azaltdıqda heyvanlarda mielin və sinir liflərində dəyişikliklər müşahidə olunub, həmçinin yaşla bağlı idrak qabiliyyətlərində müsbət dəyişikliklər pozulub.
Alimlərin fikrincə, oliqodendrositlər yalnız sinir sisteminin fəaliyyətini dəstəkləmir, yaşlanma prosesində onların fəaliyyəti beyin üçün zərərli vəziyyətə keçə bilər. Bu nəticələr gələcəkdə beynin yaşlanmadan qorunması üçün yeni üsulların hazırlanmasına kömək edə bilər.
Xüsusilə NRF2 mexanizmi alimlərin diqqət mərkəzindədir. Bildirilib ki, bu mexanizmə təsir edən bəzi preparatlardan artıq dağınıq skleroz xəstəliyinin müalicəsində istifadə olunur.
NURİYYƏ













