Hansı qidalar orqanizmin gənc qalmasına kömək edir? - Həkimdən MƏSLƏHƏTLƏR

 15:14 26.08.2026     480

"Dünyada “mavi zona” adlandırılan, insanların daha uzunömürlü yaşadığı bir neçə bölgə var. Bunlara Yaponiyanın Okinava adası, İtaliyanın Sardiniya və Siciliya əraziləri və digərləri daxildir. Həmin ərazilərdə aparılan uzunmüddətli müşahidə tədqiqatları göstərir ki, insanın daha gənc qalmasına və qocalma prosesinin ləngiməsinə kömək edən əsas qidalanma modellərindən biri Aralıq dənizi pəhrizidir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov vurğuladı.

Onun sözlərinə görə, bu pəhrizə dəniz məhsulları, zeytun yağı, çərəzlər, qoz, fındıq və digər faydalı qidalar daxildir:

"Bunlar insan orqanizminin sağlam və gənc qalmasına kömək edən ən vacib qidalardandır. Bizim də edə biləcəyimiz bir çox şey var. Azərbaycan çərəzlər, keyfiyyətli meyvə və tərəvəzlərlə çox zəngindir. Bu qidaların müntəzəm istehlakı olduqca vacibdir. Zeytun yağından istifadənin son illərdə ölkədə artması da sevindirici haldır. Əgər əhali bundan davamlı şəkildə istifadə edərsə, gələcək 5-10 il ərzində ürək-damar xəstəliklərinin səviyyəsinin azalması ehtimalı böyükdür. Dediyimiz kimi, qidalanma insan sağlamlığına və ümumilikdə ömür uzunluğuna ciddi təsir göstərən əsas amillərdən biridir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən