"Yuxu çatışmazlığı beyni bərpa etməyə qoymur" - Həkimdən XƏBƏRDARLIQ
"Geniş və uzunmüddətli tədqiqatlar göstərib ki, kifayət qədər yuxu almaq gələcəkdə alzheimer, demensiya və yaddaş pozuntuları riskinə təsir göstərə bilər".
Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov dedi.
Onun sözlərinə görə, günorta qısa müddətli yuxunun da müəyyən faydaları ola bilər:
"Məsələn, gün ərzində, təxminən saat 3-4 arası 30 dəqiqə və ya 1 saatlıq qısa yuxu insanın gələcəkdə yarana biləcək bəzi sinir sistemi və beyin xəstəliklərinin riskinin azalmasına kömək edə bilər. Bu məlumatlar uzunmüddətli araşdırmaların nəticələrinə əsaslanır. Əgər insan davamlı olaraq kifayət qədər yatmırsa, bilməlidir ki, bu, orqanizmin bərpa proseslərinə mənfi təsir göstərə bilər. Yuxu çatışmazlığı zamanı orqanizm, o cümlədən beyin və digər sistemlər özünü lazımi səviyyədə bərpa edə bilmir. Ona görə də yuxu həyati vacib məsələlərdən biridir".
NURİYYƏ













