"Piylənmə orta ömür uzunluğunu azaldan əsas amillərdəndir" - Qastroenteroloq
"Piylənmə sadəcə yağın toplanması deyil. Piy toxuması həm də aktiv bir orqan kimi fəaliyyət göstərir. Çünki orada müxtəlif hüceyrələr, o cümlədən adipositlər mövcuddur. Adipositlər yağın saxlanmasında iştirak edir, lakin piy toxumasının funksiyası yalnız yağ toplamaqdan ibarət deyil".
Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov bildirdi.
Həkimin sözlərinə görə, piy toxuması insan orqanizmində xroniki iltihabı tətikləyən maddələr də ifraz edə bilir:
"Bu iltihabi proseslər orqanizmə mənfi təsir göstərərək hüceyrə və genetik səviyyədə müəyyən zədələnmələrə səbəb ola bilər. Xroniki iltihabın əsas mənbələrindən biri də artıq piy toxumasıdır. Bəli, piy toxuması insan orqanizmində iltihabı tətikləyən interleykinlər adlandırılan maddələr ifraz edir. Xroniki iltihab damar divarlarını zədələyə, insulin müqavimətini artıra, şəkərli diabet, insult və infarkt riskini yüksəldə bilər. Həmçinin ürəyi qidalandıran damarlarda aterosklerotik lövhələrin yaranması riskini artırır. Ona görə də kişi və qadınların qaraciyər yağlanmasını ildə ən azı bir dəfə yoxlatdırması faydalı ola bilər. Əgər qarın nahiyəsində yağlanma başlayıbsa və bel çevrəsi artıbsa, bu, metabolik problemlərin əlaməti ola bilər və artıq piylə mübarizə aparmaq lazımdır. Mənə elə gəlir ki, ölkədə əhalinin sağlamlığının qorunması ilə bağlı əsas strategiyalardan biri insanların qarın piyindən xilas olmasına yönəlməlidir. Bu, əsas hədəflərdən biri olmalıdır.
Xəstə istənilən ixtisas üzrə həkimə müraciət etdikdə, onun bel çevrəsi də qiymətləndirilməli və artıq piyin olub-olmamasına diqqət yetirilməlidir. Bir çox ölkələrdə insanları artıq çəkidən azad olmağa təşviq edən müxtəlif proqramlar həyata keçirilir. Məsələn, bəzi ölkələrdə artıq çəki itirən şəxslər müxtəlif üsullarla təşviq edilir. Digər ölkələrdə isə fiziki aktivliyin artırılması, gündəlik hərəkət və yürüş normalarının yerinə yetirilməsi üçün xüsusi təşviq proqramları tətbiq olunur. İnsanları daha sağlam həyat tərzinə təşviq etmək lazımdır. Çünki əhalinin sağlamlığına və orta ömür uzunluğuna mənfi təsir edən əsas amillərdən biri piylənmədir. Buna görə də piylənmə ilə mübarizə aparmaq vacibdir".
NURİYYƏ













