İnfarkt üçün yeni təsnifat hazırlandı

 17:20 28.08.2026     293

Dünyanın aparıcı kardiologiya təşkilatları miokard infarktı üçün yeni və daha sadə təsnifat hazırlayıb.

Redaktor.az xəbər verir ki, yeni təsnifat 2026-cı ildə Avropa Kardiologiya Cəmiyyətinin (ESC) konqresində təqdim olunub.

Yeni yanaşmaya əsasən, əvvəl istifadə olunan mürəkkəb rəqəmli təsnifat sistemi ləğv edilərək infarktlar üç əsas kateqoriyaya bölünüb: ilkin, ikincili və prosedurla əlaqəli infarktlar.

İlkin infarktlar əsasən damarlarda yaranan problemlər nəticəsində spontan şəkildə baş verir. İkincili infarktlar ürəyə oksigen çatışmazlığı, qan təzyiqində ciddi dəyişikliklər və digər səbəblərlə əlaqələndirilir. Prosedurla əlaqəli infarktlar isə ürək üzərində aparılan əməliyyatlardan sonra müəyyən müddət ərzində yaranan halları əhatə edir.

Mütəxəssislərin fikrincə, yeni sistem həm həkimlərin diaqnoz qoymasını, həm də xəstələrin öz xəstəliklərini daha yaxşı anlamasını asanlaşdıracaq.

Dyuk Universiteti Tibb Mərkəzinin professoru Kristin Nyubi bildirib ki, yeni yanaşma həkimlərə xəstələrə infarktın səbəblərini daha sadə və anlaşıqlı şəkildə izah etməyə imkan verəcək.

Yeni təsnifatın Xəstəliklərin Beynəlxalq Təsnifatının 11-ci versiyası (ICD-11) ilə uyğunlaşdırılması da xəstəliklə bağlı daha dəqiq statistikanın toplanmasına şərait yaradacaq. Bu, xüsusilə nadir və çətin diaqnoz qoyulan infarkt səbəblərinin vaxtında müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.

Mütəxəssislər hesab edirlər ki, sadələşdirilmiş təsnifat gizli və atipik infarkt hallarının daha tez aşkar edilməsinə, nəticədə isə ölüm hallarının azalmasına kömək edə bilər.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən