Sağlamlıq üçün faydalı olan gözlənilməz qida BİRLƏŞMƏLƏRİ
Bəzi mövsümi məhsulların faydalı xüsusiyyətlərini düzgün hazırlanma və uyğun qida birləşmələri ilə daha da artırmaq mümkündür.
Redaktor.az xəbər verir ki, bu barədə həkim-terapevt və dietoloq İrina Nikulina məlumat verib.
Onun sözlərinə görə, isti havalarda qarpıza bir çimdik dəniz duzu əlavə etmək orqanizmdə itirilən elektrolitlərin bərpasına kömək edə bilər. Mütəxəssis bunun fiziki aktivlikdən sonra faydalı olduğunu bildirib.
Həkim avokadonu qara istiotla birlikdə qəbul etməyi də tövsiyə edib. Onun sözlərinə görə, qara istiotun tərkibindəki piperin bioloji aktiv maddələrin mənimsənilməsinə kömək edir.
Nikulina axşam saatlarında üzüm yeməyin də yuxuya müsbət təsir göstərə biləcəyini qeyd edib. O, tərkibində melatonin olan çəyirdəkli üzümə üstünlük verilməsini məsləhət görüb.
Batatın darçınla birlikdə istifadəsinin isə qan şəkərinin səviyyəsinə diqqət edən insanlar üçün faydalı ola biləcəyi bildirilib. Mütəxəssis qeyd edib ki, soyudulmuş batatın tərkibində bağırsaqdakı faydalı bakteriyalar üçün qida rolunu oynayan davamlı nişasta yaranır.
Pomidorun da yüngül istilik emalından sonra daha faydalı olduğu vurğulanıb. Belə olduqda ürək, damarlar və dəri üçün əhəmiyyətli olan likopenin orqanizm tərəfindən mənimsənilməsi artır. Bunun üçün pomidoru qızartmaq deyil, daha çox pörtlətmək tövsiyə olunur.
Həkim sarımsağı doğradıqdan sonra təxminən 10 dəqiqə gözləməyi də məsləhət görüb. Bu müddət ərzində antibakterial xüsusiyyətlərə malik allisin maddəsi yaranır.
Nikulina bildirib ki, bu qida birləşmələri sağlam və balanslı qidalanmanı əvəz etmir. Onun sözlərinə görə, əsas məqsəd gündəlik qidalanmada sadə vərdişlər vasitəsilə məhsullardan daha çox fayda əldə etməkdir. Bununla yanaşı, qidaların orqanizmin fərdi xüsusiyyətlərinə uyğunluğu da nəzərə alınmalıdır.
NURİYYƏ













