Terapevtdən çay və kofeni su ilə əvəz edənlərə XƏBƏRDARLIQ
"Təmiz suyu heç nə əvəz edə bilməz. Bir çox insanın, bəli, bu barədə şikayətləri var ki, təmiz su qəbul edə bilmirlər. Bunun üçün suyu dadlandırmaq olar. Məsələn, meyvə dilimi, limon və ya digər meyvələrdən istifadə etmək, nanə yarpağı və yaxud darçın çubuğu əlavə etmək olar ki, su qəbulu mümkün olsun".
Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində canlı yayım zamanı nazirliyin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova bildirdi.
Onun sözlərinə görə, bir çox insan bildirir ki, suyu çay və kofe ilə əvəz edirlər:
"Amma bu, düzgün deyil. Çünki çayın və kofenin tərkibində kofein var və kofeinin sidikqovucu effekti mövcuddur. Kofein mayenin orqanizmdən xaric olunmasını sürətləndirərək dehidrasiyaya, yəni susuzlaşmaya səbəb ola bilər. Bundan başqa, çayın tərkibində oksalatlar var və bu maddələr böyrək daşlarının yaranmasına səbəb ola bilər. Orqanizm digər bütün içkiləri qida kimi qəbul edir, yəni mənimsəyir. Bu zaman da enerji sərf olunur. Ümumiyyətlə, hüceyrələrin yenilənməsi və təzələnməsi üçün mütləq saf suya ehtiyac var. Metabolizmi sürətləndirmək üçün də orqanizmin saf suya tələbatı var".
NURİYYƏ













