Yuxu rejimini necə normallaşdırmaq olar? - Həkimdən MƏSLƏHƏT
"Orqanizmin sağlam fəaliyyəti üçün, qeyd etdiyim kimi, yuxu rejiminin də normal olması çox vacibdir. Sutka ərzində ən azı 7-8 saat keyfiyyətli yuxu, xüsusilə gecə saatlarında yatmaq vacib şərtdir. Eyni vaxtda yatıb, eyni vaxtda durmaq da çox önəmlidir".
Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində canlı yayım zamanı terapevt Günay İsmayılova bildirdi.
Həkim vurğuladı ki, yay aylarında yuxu rejimi pozulur:
"Amma bunu necə normallaşdıra bilərik? Məsləhətdir ki, birdən-birə, məsələn, 3-4 saat tez yatmağa çalışmaq əvəzinə, yuxu vaxtını ən azı yarım saat qabağa çəkməklə daha tez yatmağa keçilsin. Gec yatsaq belə, səhər eyni saatda durmaq, eyni saatda yuxudan qalxmaq çox önəmlidir. Yuxudan durarkən gün işığına və təmiz havaya çıxmaq vacibdir. Buna görə ki, bu zaman serotonin artır. Gün işığının təsiri nəticəsində beyində ifraz olunan serotonin miqdarı artır və bu da oyanmağa kömək edir. Melatonin isə, yəni yuxu hormonu hesab olunan melatonin azalır".
NURİYYƏ













