Özbaşına qəbul etməyin - Nazirlikdən bu dərmanlarla bağlı XƏBƏRDARLIQ

 15:32 02.09.2026     645

"İndiki dövrdə vitamin D çox aktualdır. Bir çox insan aptekə müraciət edərək vitamin D alıb qəbul edir. Amma bu, yolverilməzdir. İnanın ki, praktikada tez-tez xəstələrdə hipervitaminoz, yəni vitamin D-nin həddindən artıq olması ilə rastlaşırıq. Ona görə də öncədən mütləq qanda vitamin D-nin səviyyəsi yoxlanılmalı və nəticəyə uyğun olaraq doza təyin edilməlidir. Doza xəstənin vəziyyətinə və laborator analizlərin nəticələrinə əsasən seçilməlidir".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində canlı yayım zamanı nazirliyin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova bildirdi.

Həkim nəzərə çatdırdı ki, vitamin D-nin hipervitaminozu daha ağır keçir və daha ciddi fəsadlarla özünü göstərir:

"Hipervitaminoz, hipovitaminozdan fərqli olaraq, daha təhlükəlidir və daha ciddi patologiyalara səbəb ola bilər. Mütləq şəkildə öncədən həkimə müraciət etmək və hər hansı dərmanı həkim məsləhəti ilə qəbul etmək lazımdır. Bundan başqa, biz tez-tez rastlaşırıq ki, məsələn, hər hansı baş ağrısı səbəbilə xəstələr yenə də özbaşına müalicə ilə məşğul olurlar. Bu da yolverilməzdir. Baş ağrısı bir klinik simptomdur və bir çox xəstəliyin əlaməti ola bilər. Xəstələr ağrıkəsicilər qəbul edərək özlərini müalicə etməyə çalışmaqla hansısa xəstəliyin ağırlaşmasına səbəb ola bilərlər. Müvəqqəti olaraq simptomu gizlədərək daha ciddi fəsadlara gətirib çıxara bilərlər. Vaxtında araşdırma aparıldıqda və diaqnoz qoyulduqda müalicə həkim üçün də daha rahat olur, pasiyent də bu xəstəliyi daha asan keçirir. Dediyim kimi, hər hansı bir əlamət bir çox xəstəliyin göstəricisi ola bilər.

Son zamanlar antibiotiklərlə özünümüalicə hallarına da tez-tez rast gəlirik. Bilirik ki, payız dövründə rast gəlinən bir çox infeksiyalar adətən virus mənşəli olur. Ona görə bu zaman antibiotiklərin istifadəsi yolverilməzdir. Antibiotiklər immun sisteminə mənfi təsir göstərərək onu zəiflədə bilər. Bundan başqa, bir çox dərmanların qaraciyərdə parçalandığını və ya böyrəklər vasitəsilə orqanizmdən xaric edildiyini bilirik. Dərmanlar düzgün dozada qəbul edilmədikdə və lazımsız yerə istifadə edildikdə nefrotoksik və hepatotoksik ağırlaşmalarla rastlaşa bilərik. Yəni bu dərmanlar qaraciyərə mənfi təsir göstərə, qaraciyər funksiyasını poza bilər. Düzgün qəbul edilməyən, lazımsız yerə istifadə olunan və düzgün dozası seçilməyən dərmanlar nəticəsində böyrək zədələnmələri ilə də tez-tez rastlaşırıq".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən