Xərçəngin inkişafında əsas risk faktoru AÇIQLANDI

 16:58 02.09.2026     308

Yaşlanma xərçəngin inkişafında əsas risk faktoru hesab olunur. İnsanların ömrünün uzanması ilə dünyada onkoloji xəstəliklərə tutulan insanların sayının da artacağı gözlənilir.

Redaktor.az xəbər verir ki, vu barədə Britaniya Kolumbiyası Universiteti və Toronto Universitetinin alimləri xəbərdarlıq edib. Mütəxəssislərin fikirlərini “The Independent” yayıb.

Alimlərin sözlərinə görə, yaş artdıqca orqanizmin hüceyrələrində DNT zədələnmələri və digər pozuntular toplanır. Eyni zamanda hüceyrələrin bölünməsinə nəzarət edən mexanizmlərin fəaliyyəti zəifləyir, toxumaların bərpa olunması və zədələnmiş hüceyrələrin aradan qaldırılması qabiliyyəti azalır. Nəticədə şiş hüceyrələrinin yaranma ehtimalı artır.

Mütəxəssislər qeyd ediblər ki, yaş yalnız xərçəngə tutulma riskinə deyil, müalicənin orqanizm tərəfindən necə qəbul edilməsinə də təsir göstərir. Yaşlı insanlarda yanaşı xəstəliklər, koqnitiv funksiyaların zəifləməsi və fiziki aktivliyin azalması daha çox müşahidə olunur. Bu amillər kimyaterapiya, şüa terapiyası və cərrahi müdaxilənin fayda və risk nisbətinə təsir göstərə bilər.

Alimlərin fikrincə, yaşlı insanların sayının artması onkoloji yardımın təşkilinə yanaşmanın da dəyişdirilməsini tələb edir. Xərçəngin müalicəsində bütün xəstələr üçün eyni yanaşma yaşlı pasiyentlərdə effektiv olmaya bilər.

Mütəxəssislər bildirirlər ki, insanın ümumi sağlamlıq vəziyyətinin nəzərə alınması müalicə üsulunun seçilməsinə və yalnız ömrün uzunluğunun deyil, həyat keyfiyyətinin də qorunmasına kömək edə bilər.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən