Qulaqcıqla yüksək səsdə musiqi dinləməyin - Mütəxəssislərdən ciddi XƏBƏRDARLIQ

 10:22 03.09.2026     279

Mütəxəssislər günün böyük hissəsində qulaqcıqla yüksək səslə musiqi dinləməyin daxili qulaqdakı tük hüceyrələrinə zərər vuraraq akustik travmaya və qalıcı eşitmə itkisinə səbəb ola biləcəyini bildiriblər.

Onlar xüsusilə kənar səsləri boğmaq üçün qulaqcığın səs səviyyəsinin artırılmaması barədə xəbərdarlıq ediblər.

Redaktor.az xəbər verir ki, rəqəmsallaşma ilə birlikdə gün ərzində musiqi, podkast və müxtəlif rəqəmsal məzmunları dinləmək üçün qulaqcıqlardan istifadə xüsusilə gənclər arasında geniş yayılıb.

Mütəxəssislərin sözlərinə görə, problem yalnız qulaqcıqdan istifadə ilə bağlı deyil. Əsas risklər səs səviyyəsinin təhlükəsiz desibel həddini aşması, yüksək səsə uzun müddət məruz qalmaq və düzgün qulaqcıq seçməməklə əlaqədardır.

Həddindən artıq və nəzarətsiz şəkildə yüksək səsə məruz qalmaq daxili qulaqda hüceyrələrin ölməsinə və geri dönməz zədələnmələrə səbəb ola bilər.

Sağlamlıq Elmləri Universitetinin (SBÜ) Şişli Hamidiye Etfal Təhsil və Araşdırma Xəstəxanasının Qulaq-Burun-Boğaz (KBB) şöbəsinin müdiri, professor Suat Turgut Anadolu Agentliyinə açıqlamasında uzun müddət çox yüksək səslə musiqi dinləməyin müəyyən tezliklərdə eşitmə itkisinə səbəb olduğunu bildirib.

Onun sözlərinə görə, normal danışıq səviyyəsində olan 30-40 desibellik səs qulaqda akustik travma yaratmır.

“Gənclər kənardakı səs-küyün maskalanması effektini aradan qaldırmaq üçün səsi artırırlar. Musiqinin səsi yüksəldikcə daxili qulağa təsir edən akustik travma riski də artır. Buna görə normal danışıq səsindən çox yüksək səviyyədə musiqi dinləməyin”, - deyə professor vurğulayıb.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən