"İlk 3 yaşa qədər uşaqlara çay vermək qan azlığına səbəb olur" - Pediatrdan XƏBƏRDARLIQ

 17:21 04.09.2026     328

“Uşaq üçün çay da, kompot da ən zərərli içkidir. İlk 3 yaşa qədər uşaqlara çay vermək qan azlığına səbəb olur. Qan azlığı da əqli inkişafına, kognitiv inkişafına, yaddaşına və nitqinə ziyandır. Amma biz körpələrə çay veririk. Üstünə bir az da şəkər qatırıq. Bir az da burada şəkər yükü veririk və uşağın damarının endotelinə zərər vururuq. Amma ziyan olduğunu bilirik. Hamı bilir, bu ziyandır. Amma Allah insana şüur verib ki, nə ziyandır, onu biz etməyək. Necə ki, siqaretin ziyan olduğunu bildikləri halda çəkirlər. Əgər biz böyüklər övladımız nəyi etməsin istəyiriksə, birinci ona özümüz etməməliyik”.

Redaktor.az xəbər verir ki, bunu həkim-pediatr Günay Rəsulova sosial media hesabında uşaqlara zərərli olan vərdişlərdən danışarkən bildirib.

Onun sözlərinə görə, valideynlər uşaq üçün bir rol modelidir:

“Evdə butulka-butulka qazlı içkilər, şirin sular alıb qoyuruq, özümüz içirik, uşağa “sənə olmaz” deyiriksə, biz uşaq üçün nə dərəcədə dürüstük? Nə dərəcədə bizim hər bir sözümüz uşaq üçün keçərlidir? Bu, bir elementar misaldır. Bu gün uşağa, məsələn, “"kola" ziyandır” deyirik, özümüz kolanı içiriksə, sabah uşağa “siqaret çəkmək ziyandır” deyiriksə, bu uşaq bunu ciddiyə almayacaq. Yaxud da uşağa oğurluq etməyin “olmaz” olduğunu deyiriksə, bu uşaq bunu ciddiyə almayacaq. Çünki biz ziyan olduğunu dediyimizi özümüzün etdiyini uşaq görür. Uşaq bizə artıq inanmır. Şüuraltı olaraq “anam çox da ciddi deyil” obrazı yaranır. Ana-ata uşağın gözündə çox da ciddi bir obraz olmayan bir ana-atadır. Belə ailələrdə həmişə problemli uşaqlar çıxır”.

Həkim vurğulayb ki, belə şeylər çox sadə bir örnəkdən başlayır:

“Özümüz, məsələn, “kolbasa, sosiska, işlənmiş ət karsinogendir, uşağa olmaz” deyirik, özümüz soyuducunu ancaq kolbasa-sosiska ilə doldururuqsa, əlbəttə ki, uşağın gözündə biz ciddi bir obraz olmuruq. Sabah da bu uşaq bizim heç bir sözümüzü ciddiyə almayacaq. Övladımızın öz uşağını sağlam böyütməsini istəyiriksə, bu gün biz öz uşağımızı sağlam böyütməliyik. Bu, uşağımıza qoyacağımız ən böyük mirasdır. Çünki uşaq eyni zamanda bu davranışla tutarlılıq öyrənir, iradə öyrənir, seçmə qabiliyyəti öyrənir. Sabah o da öz həyatında qərarlı olur, tutarlı olur, iradəli olur, uğurlu bir insan olur. Yəni bu özəllikləri daşıyan insan uğurlu insandır. Bir qazlı içki qarşısında iradə göstərə bilməyən valideynin uşağının da iradəsi sınacaq və bu uşağın uğurlu bir insan olma ehtimalı azalacaq. Ona görə də hamımız diqqət etməliyik”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən