Alimlər uzun müddət oturmağın damarlar üçün təhlükəsini AÇIQLADI

 20:11 04.09.2026     279

Uzun müddət fasiləsiz oturmaq qan damarlarının fəaliyyətinə mənfi təsir göstərir. Alimlər müəyyən ediblər ki, hər yarım saatdan bir qısa fiziki fasilələr vermək damarların daxili səthini təşkil edən endoteli qorumağa və ürək-damar xəstəliklərinin inkişaf riskini azaltmağa kömək edir.

Redaktor.az xəbər verir ki, bu nəticələr Tiançzin İdman Universitetinin alimləri və onların həmkarlarının apardığı araşdırmada əldə olunub. Tədqiqat “Frontiers in Cardiovascular Medicine” jurnalında dərc edilib.

Sistematik icmal çərçivəsində 454 nəfərin iştirakı ilə aparılmış 24 randomizə edilmiş klinik tədqiqat təhlil olunub. Mütəxəssislər müəyyən ediblər ki, hər 20-30 dəqiqədən bir 2-3 dəqiqə ərzində aşağı ətraflar üçün dinamik hərəkətlər etmək qan dövranını əhəmiyyətli dərəcədə yaxşılaşdırır və uzunmüddətli hərəkətsizliyin mənfi təsirlərini aradan qaldırır.

Profilaktika üçün gəzinti, pilləkənlə qalxma, yarımçömbəlmə və ayaq barmaqları üzərində qalxma kimi sadə hərəkətlər tövsiyə olunur.

Alimlərin fikrincə, uzun müddət oturma zamanı qanın damar divarlarına yaratdığı sürtünmə qüvvəsi, yəni kəsici gərginlik azalır. Bu isə damarların genişlənməsində və iltihabdan qorunmasında mühüm rol oynayan azot oksidinin istehsalının azalmasına səbəb olur.

Məlumata görə, gün ərzində 10 saatdan artıq oturma müddətinə əlavə olunan hər bir saat ürək xəstəlikləri riskini 8 faiz artırır.

Qan axınının azalması nəticəsində yaranan endotel disfunksiyası aterosklerozdan əvvəl meydana çıxan erkən funksional pozuntulardan biridir. Tədqiqatçılar vurğulayırlar ki, fiziki fasilələrin müsbət təsiri damarın yerləşdiyi nahiyədən də asılıdır.

Belə ki, ayaq arteriyalarında qan dövranı ən yaxşı şəkildə bərpa olunur. Çiyin arteriyası ilə bağlı göstəricilər isə ayrıca qiymətləndirilməlidir. Alimlər bunu həmin arteriyanın cazibə qüvvəsinin yaratdığı kəskin təzyiq dəyişiklikləri ilə daha az qarşılaşması və tonusunun simpatik sinir sistemi, stress, tənəffüs və bədənin vəziyyəti kimi sistemli amillərlə daha çox tənzimlənməsi ilə izah edirlər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada böyüklərin təxminən 28 faizi fiziki aktivliklə bağlı tövsiyələrə əməl etmir. Alimlər hesab edirlər ki, iş zamanı müntəzəm olaraq qısa aktiv fasilələr vermək damar sağlamlığını qorumağın sadə və əlçatan üsullarından biridir.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən