Bağırsaq bakteriyaları nadir qaraciyər xəstəliyi ilə ƏLAQƏLİDİR
Bağırsaqdakı 19 növ bakteriyanın nadir qaraciyər xəstəliyinin inkişafında rol oynaya biləcəyi müəyyən edilib.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bunu İsveçin Göteborq Universitetinin alimləri müəyyənləşdiriblər. Tədqiqatın nəticələri “Nature Metabolism” jurnalında dərc olunub.
Alimlər ilkin sklerozlaşdırıcı xolangit (PSX) xəstəliyi olan insanlarda imidazolpropionat (ImP) adlı maddənin səviyyəsinin yüksəldiyini müəyyən ediblər. Bu maddə bağırsaqda qidanın tərkibindəki bəzi komponentlərin müəyyən bakteriyalar tərəfindən parçalanması zamanı əmələ gəlir.
Tədqiqat zamanı, xüsusilə “Enterocloster clostridioformis” və “Enterocloster boltae” bakteriyalarının ImP istehsal etdiyi müəyyənləşdirilib. Qanda bu maddənin daha yüksək səviyyədə olması xəstələrin sağqalma göstəricilərinin daha aşağı olması ilə də əlaqələndirilib.
Siçanlar üzərində aparılan təcrübələr isə ImP-yə uzunmüddətli məruz qalmanın qaraciyərdə iltihaba səbəb ola biləcəyini göstərib. Alimlərin sözlərinə görə, bu metabolit öd yollarını örtən hüceyrələrə təsir edərək iltihab və fibroz proseslərini gücləndirən siqnal yolunu aktivləşdirir. Fibroz qaraciyərdə həddindən artıq çapıq toxumasının əmələ gəlməsidir.
Tədqiqatçılar vurğulayıblar ki, ImP-nin PSX-in yeganə səbəbi olduğu düşünülmür. Xəstəliyin inkişafında genetik, immunoloji və ətraf mühit amilləri, eləcə də bağırsaq mikrobiotasının ümumi tərkibindəki dəyişikliklər birlikdə rol oynaya bilər.
Alimlərin fikrincə, yeni nəticələr PSX-in müalicəsi üçün yeni yanaşmaların hazırlanmasına kömək edə bilər. Mümkün istiqamətlər arasında ImP-nin yaranmasında iştirak edən fermentlərin bloklanması və ya metabolitin öd yollarının hüceyrələrinə zərər vurmasına səbəb olan siqnal yoluna təsir göstərilməsi nəzərdən keçirilir.
NURİYYƏ













