Gecə öskürəyi qrip və COVID-19 dalğasını əvvəlcədən xəbər verə BİLƏR
Gecə saatlarında öskürəyin artması qrip və COVID-19 infeksiyalarının yayılmasından təxminən bir həftə əvvəl müşahidə oluna bilər.
Redaktor.az xəbər verir ki, bunu Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) və “Sleep Cycle” şirkətinin birgə apardığı araşdırma göstərib.
Tədqiqat çərçivəsində üç il ərzində yuxu tətbiqindən toplanan gecə öskürəyi məlumatları təhlil edilib. Tətbiq smartfonun mikrofonu və süni intellekt texnologiyasından istifadə etməklə insanların yuxu zamanı çıxardığı səsləri analiz edib.
Mütəxəssislər müəyyən ediblər ki, gecə öskürəyindəki artım tənəffüs yolu xəstəliklərinin yayılma səviyyəsi ilə sıx əlaqəlidir. Bəzi hallarda öskürəyin artması qrip və COVID-19 aktivliyində yüksəlişdən təxminən bir həftə əvvəl qeydə alınıb.
Araşdırma müəllifləri hesab edirlər ki, yuxu tətbiqlərindən toplanan bu cür passiv sağlamlıq məlumatları tənəffüs yolu infeksiyalarının yayılmasını daha erkən müəyyənləşdirməyə kömək edə bilər.
Bununla belə, gecə öskürəyinin konkret olaraq qrip və ya COVID-19-u müəyyən etdiyini söyləmək mümkün deyil. Alimlər bu məlumatların xəstəliyin ümumi yayılmasını izləmək üçün əlavə göstərici kimi istifadə oluna biləcəyini bildirirlər.
Xədicə BAXIŞLI













