Uşaqlar arasında virus yayılır? - Pediatrdan valideynlərə XƏBƏRDARLIQ

 18:24 08.09.2026     655

Son günlər uşaqlar arasında ürəkbulanma, baş ağrısı, ishal kimi əlamətlərlə müşayiət olunan virus infeksiyalarının yayıldığı bildirilir. Valideynlər isə bu simptomların hansı xəstəlikdən qaynaqlandığını və uşaqları bu infeksiyalardan necə qorumalı olduqlarını düşünürlər.

Uşaqlar arasında yayıldığı bildirilən bu virus infeksiyaları hansı xüsusiyyətləri ilə seçilir və valideynlər hansı əlamətlərə xüsusi diqqət yetirməlidirlər? Bu simptomlar müşahidə olunduqda uşağı evdə müalicə etmək olarmı, yoxsa hansı hallarda mütləq həkimə müraciət edilməlidir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında pediatr Şəlalə Poluxova bildirdi ki, son günlər uşaqlar arasında ürəkbulanma, baş ağrısı, ishal kimi əlamətlərlə müşayiət olunan virus infeksiyalarına rast gəlinir:

"Bu, əslində, hər il təkrar müşahidə olunan hallardır. Yay fəslində, isti havalarda, xüsusilə havaların keçid dövründə – həm yazda, həm də payızda belə virus infeksiyalarına rast gəlinir. Qış fəslində daha çox yuxarı tənəffüs yollarının virus infeksiyalarının yayıldığını deyirik. İsti havalarda isə mədə-bağırsaq virus infeksiyaları daha çox yayılır və bunlar da özünü müəyyən əlamətlərlə göstərir. Uşaqlarda qusma, ürəkbulanma, baş və qarın ağrıları, ishal, bəzən isə yüksək temperatur müşahidə olunur. Burada konkret olaraq bir xəstəliyin və ya bir virus infeksiyasının adını çəkmək doğru olmaz. Hazırda yayılan bir neçə virus qrupu var və hər mövsüm müşahidə etdiyimiz bu infeksiyalardan birinin və ya bir neçəsinin törətdiyi xəstəliklərdir. Əlamətləri də, demək olar ki, əksəriyyətində eynidir. Ən çox rast gəlinən ümumi simptomlar isə qusma və ishaldır".

Onun sözlərinə görə, bu, tək bir virus infeksiyası deyil:

"İsti havalarda bir neçə virus infeksiyası yayılır. Buna görə də əlamətləri də, demək olar ki, hamısında eynidir. Valideynlər bəzən düşünürlər ki, son zamanlar yeni bir virus ortaya çıxıb və yayılıb. Əslində isə belə deyil. Söhbət bir neçə virus qrupunun yaratdığı eyni və ya oxşar əlamətlərdən gedir. Bəzən uşaqlar hətta eyni vaxtda bir neçə virusa yoluxa bilirlər. Xüsusilə insanların çox olduğu yerlərdə, qonaqlıqlardan sonra və yay mövsümündə hovuz kimi məkanlarda uşaqların yoluxma ehtimalı daha yüksək olur".

Müsahibimiz qeyd etdi ki, valideynlərin əsas diqqət etməli olduğu məsələ uşaqlarda virus infeksiyasının konkret olaraq hansı virusdan qaynaqlandığı deyil:

"Rotavirus, adenovirus, norovirus və ya digər virus infeksiyası ola bilər. Adından da göründüyü kimi, virus olduğu üçün burada xüsusi, yəni etioloji müalicə aparılmır. Virus infeksiyalarına qarşı antibiotik müalicəsinin faydası yoxdur. Buna görə də əsas diqqət simptomlara yönəldilir və simptomatik müalicə aparılır. Burada valideynlərin xüsusilə diqqət etməli olduğu məsələ uşaqlarda susuzlaşma əlamətləridir. Əsas önəmli olan uşaqların orqanizminin susuz qalmamasıdır. Xüsusilə körpə yaşlı, 2 yaşa qədər uşaqlar daha tez dehidratasiya ilə üzləşə və daha ciddi ağırlaşmalar müşahidə oluna bilər".

Həkim vurğuladı ki, ardıcıl qusma zamanı uşaqları evdə saxlamaq məsləhət deyil:

"Uşaq dalbadal bir neçə dəfə qusubsa, hətta ağızdan maye qəbul edə bilməyəcək səviyyədə ürəkbulanma və qusması varsa, eyni zamanda ishal müşahidə olunursa, orqanizm çox tez susuzlaşa bilər. Bu da ən çox qorxduğumuz vəziyyətdir. Xüsusilə 2 yaşa qədər körpələrdə buna daha ciddi yanaşmaq lazımdır. Buna görə də uşaqlarda susuzlaşmanın qarşısını almaq vacibdir. Bunun üçün xüsusi oral rehidratasiya məhlulları var. Bu məhlullardan istifadə etməklə uşaqlarda susuzlaşmanın qarşısını almaq mümkündür. Əgər uşaqda oral rehidratasiya məhlulları ilə evdə ümumi vəziyyəti stabilləşdirmək mümkündürsə, yüngül virus infeksiyalarında müalicəni ev şəraitində davam etdirmək olar. Lakin uşağın dayanmadan ishali varsa, gün ərzində bir neçə dəfə qusubsa, halsız və süstdürsə, üstəlik temperaturu varsa, temperatur salıcı dərmanlara baxmayaraq qızdırmanı nəzarətə almaq mümkün deyilsə, temperatur yüksək və davamlıdırsa, uşaq ağızdan qidalana bilmirsə və ən əsası, maye qəbul edə bilmirsə, mütləq həkimə müraciət olunmalıdır. Belə hallarda xəstəxana şəraitində venadaxili müalicəyə ehtiyac yarana bilər. Yüngül hallarda oral rehidratasiya məhlulları ilə evdə müalicə aparmaq mümkündür. Amma ağır hallarda, xüsusilə uşaq ard-arda qusur, hətta rehidratasiya məhlulunu belə ağızdan qəbul edə bilmir və qəbul etdiyi mayeni yenidən qaytarırsa, bu, artıq “qırmızı bayraq” hesab olunur. Belə uşağı evdə saxlamaq qəti şəkildə doğru deyil".

Ş.Poluxovanın sözlərinə görə, ən vacib məsələlərdən biri də uşaqların ümumiyyətlə yoluxmasının qarşısını almaqdır.

"Bunun üçün ilk növbədə əl gigiyenasına xüsusi diqqət yetirilməlidir. Adi spirt, yaş salfetlər və digər vasitələr, təəssüf ki, yoluxmanın qarşısını almaqda kifayət qədər effektiv deyil. Əsas məsələ əllərin sabun və su ilə düzgün şəkildə yuyulmasıdır. İkincisi, mümkün qədər insanların çox olduğu, qapalı və sıx məkanlara uşaqları aparmamaq məsləhətdir. Belə yerlərdə uzun müddət qaldıqda uşaqların daha asan yoluxması mümkündür. Xəstə uşaq varsa, onu mümkün qədər təcrid etmək, ortaq qab-qacaqdan, stəkandan istifadə etməmək məsləhətdir. Xüsusilə bağça kimi mühitlərdə müəllimlər və tərbiyəçilər bu məsələlərə diqqət yetirməlidirlər. Uşaqlar mümkün qədər ortaq qab-qacaqdan, stəkanlardan və dəsmallardan istifadə etməməlidirlər. Çünki mədə-bağırsaq infeksiyaları adətən bu yollarla yayılır. Ağız boşluğunun selikli qişası ilə təmas edən müxtəlif əşyalar, qab-qacaq və digər vasitələrdən ortaq istifadə zamanı yoluxma baş verə bilər", - deyə o əlavə etdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən