Dermatoloqdan məktəbə gedən uşaqlarla bağlı vacib XƏBƏRDARLIQ
Yeni dərs ilinin başlanması ilə valideynlərin diqqəti əsasən məktəb ləvazimatları, geyim və uşaqların dərs rejiminə yönəlir. Ancaq bu dövrdə uşaqların dəri sağlamlığını da diqqətdən kənarda saxlamaq olmaz. Məktəb mühiti, fiziki aktivlik, şəxsi əşyaların paylaşılması və gigiyena qaydalarına düzgün əməl edilməməsi bəzi dəri problemlərinin yaranmasına və ya artmasına səbəb ola bilər.
Redaktor.az xəbər verir ki, mövzu ilə bağlı dermatoloq Bilqeyis Mustafayeva sosial şəbəkə hesabında paylaşım edib.
"Bədən tərbiyəsi dərslərindən sonra uşaqların uzun müddət tərli geyimdə qalması tövsiyə edilmir. İmkan olduqda köynəyin dəyişdirilməsi daha məqsədəuyğundur. Tər və geyimin dəri ilə sürtünməsi xüsusilə kürək, sinə və çiyin nahiyəsində səpkilərin yaranmasına və ya artmasına səbəb ola bilər.
Məktəbdə şəxsi əşyaların paylaşılmaması da vacibdir. Daraq, papaq və hətta qulaqlıq kimi şəxsi istifadə üçün nəzərdə tutulan əşyaların başqaları ilə paylaşılması baş biti və bəzi dəri infeksiyalarının yayılma riskini artıra bilər.
Ayaqların uzun müddət nəm qalmasına da diqqət yetirilməlidir. Pambıq və ya nəfəs alan corablara üstünlük vermək, corabları hər gün dəyişmək və ayaqqabıları mütəmadi havalandırmaq ayaqlarda göbələk infeksiyalarının yaranma riskinin azalmasına kömək edə bilər.
Əl gigiyenası vacib olsa da, burada da həddi aşmamaq lazımdır. Tez-tez antiseptiklərdən və sərt sabunlardan istifadə, xüsusilə həssas dərisi olan uşaqlarda quruluq, çatlama və əl dermatitinin yaranmasına səbəb ola bilər.
Valideynlər uşaqların dərisində və saçlı dərisində yaranan dəyişiklikləri də diqqətlə izləməlidirlər. Qaşınma, qabıqlanma, yeni səpkilər, ayaqlarda soyulma və ya saçlı dəridə bit və sirkə müşahidə edildikdə problemi uzatmadan mütəxəssisə müraciət etmək tövsiyə olunur.
Yeni dərs ilinə yalnız dəftər-kitabla deyil, həm də sağlam vərdişlərlə hazırlaşaq. Uşaqların dəri sağlamlığı da onların ümumi sağlamlığının vacib bir hissəsidir".
Xədicə BAXIŞLI













