Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? – Mütəxəssisdən XƏBƏRDARLIQ
"Sümük-əzələ sistemi uşağın, xüsusilə də məktəblinin orqanizmində sağlamlıq baxımından çox vacib rol oynayır. Sümüklər dayaq orqanları hesab olunur. İnsan orqanizminin həcminin və kütləsinin böyük hissəsini dayaq-hərəkət aparatı təşkil etdiyi üçün onun sağlamlığı mühüm əhəmiyyət daşıyır".
Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində canlı yayım zamanı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi İlham Şıxbabayev səsləndirdi.
Onun sözlərinə görə, məktəblilərdə sümük sağlamlığının vacibliyi ondan ibarətdir ki, məktəbli dövrü uşağın sürətlə boy atdığı və inkişaf etdiyi kritik mərhələ hesab olunur:
"Bu dövrdə sümük sağlamlığının qorunması yetkinlik yaşında sağlamlıq üçün profilaktik əhəmiyyət daşıyır. Belə ki, uşaq orqanizmində sümük sağlamlığının təmin olunması yetkinlik yaşında yarana biləcək xroniki problemlərin, xroniki ağrıların və dayaq-hərəkət aparatının digər xroniki xəstəliklərinin qarşısının alınmasına kömək edir. Sümük sağlamlığı məhz buna görə vacib rol oynayır".
NURİYYƏ













