Sümük ağrısı boy artımının xəbərçisidir? - Həkim cavablandırdı

 15:26 09.09.2026     318

"Uşaqlarda hər bir ağrını təbii ki, boy artımı ilə əlaqələndirmək düzgün deyil. Müəyyən ağrılar var ki, boy artımı ilə əlaqəli ola bilər. Boy artımı ilə əlaqəli olan ağrılar, adətən, yüngül xarakter daşıyır. Məsələn, axşam saatlarında yaranır, uşaqda davamlı olmur və səhər saatlarında keçib gedir".

Redaktor.az xəbər verir ki, bunu Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi İlham Şıxbabayev vurğuladı.

Onun sözlərinə görə, belə ağrılar heç bir patologiyaya səbəb olmur, həmin nahiyədə qızartı, şişkinlik, yeriş və ya hərəkət pozğunluğuna gətirib çıxarmır:

"Həmçinin ağrı hər iki ətrafda simmetrik şəkildə müşahidə oluna bilər. Bu kimi ağrılar boy artımı ilə əlaqəli ola bilər. Lakin bir nahiyədə davamlı olan ağrı, xüsusilə gündüz saatlarında yaranan və dayaq-hərəkət funksiyasının pozulmasına səbəb olan ağrılar heç bir halda boy artımı ilə əlaqələndirilməməlidir. Həmçinin ağrı hər hansı anatomik dəyişiklik, qızartı, şişkinlik və ya hərəkət məhdudluğu ilə müşayiət olunursa, bu halda da boy artımı ilə əlaqəli olması düşünülməməlidir. Belə hallarda mütləq şəkildə həkimə müraciət edilməlidir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən