Gənə dişləməsi ilə insana keçən virus - Alimlərdən XƏBƏRDARLIQ
Çində insanlara gənə dişləməsi vasitəsilə keçən yeni virus aşkarlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə “New England Journal of Medicine” (NEJM) nəşrində dərc olunan araşdırmada məlumat verilib.
Asiya uzunquyruq gənə nayrovirusu (ALTNV) adlandırılan yeni virus “Nairoviridae” ailəsinə daxildir. Alimlərin məlumatına görə, infeksiya əksər hallarda qripə bənzər əlamətlərlə müşayiət olunur. Lakin virusun digər təhlükəli gənə mənşəli infeksiya ilə eyni vaxtda orqanizmə düşməsi xəstəliyin daha ağır keçməsinə səbəb ola bilər.
Pekin Dövlət Əsas Laboratoriyasının alimləri gənə dişləməsindən sonra xəstəlik əlamətləri ilə tibbi yardım üçün müraciət edən 3 mindən çox pasiyentin 10 faizindən çoxunda ALTNV aşkarlayıblar. Yoluxmuş şəxslərdə əsasən yüksək hərarət, halsızlıq, qripə bənzər əlamətlər, həmçinin mədə-bağırsaq pozuntuları müşahidə olunub.
Tədqiqat zamanı virusun RNT-si toplanan 47 mindən çox gənənin 2 faizindən azında aşkar edilib. Virusun əsas daşıyıcısının Asiya uzunquyruq gənəsi – Haemaphysalis longicornis olduğu müəyyənləşdirilib.
Alimlərin bildirdiyinə görə, yalnız ALTNV ilə yoluxan pasiyentlər araşdırma çərçivəsində sağalıblar və infeksiya onların həyatı üçün birbaşa təhlükə yaratmayıb.
Lakin bəzi pasiyentlərdə ALTNV ilə yanaşı digər gənə mənşəli virus – DBV də aşkarlanıb. İki virusla eyni vaxtda yoluxan şəxslərdə xəstəlik daha ağır keçib, ağciyər və böyrəklərlə bağlı ciddi fəsadlara daha çox rast gəlinib.
İki infeksiyanın eyni vaxtda aşkarlandığı azsaylı pasiyentlər qrupunda ölüm halları təxminən 18 faiz təşkil edib. Tədqiqat müəllifləri xəstəliyin ağır keçməsini məhz iki patogenin birgə təsiri ilə əlaqələndirirlər. Bununla belə, dəqiq risk səviyyəsini müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildirirlər.
Yeni virus müasir RNT sekvensləmə üsulları vasitəsilə aşkarlanıb. Alimlər gənə dişləməsindən sonra yüksək hərarət və digər xəstəlik əlamətləri yaranan, lakin mövcud infeksiyalar üzrə standart testlərin nəticəsi mənfi çıxan pasiyentlərdə xəstəliyin səbəbini araşdırarkən ALTNV-ni müəyyən ediblər.
Tədqiqatçılar hesab edirlər ki, yeni virusun aşkarlanması gənə dişləməsindən sonra yaranan xəstəliklərin səbəblərini daha dəqiq müəyyənləşdirməyə və eyni vaxtda baş verən infeksiyaların risklərini qiymətləndirməyə imkan verəcək.
NURİYYƏ













