Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz - Həkimdən AÇIQLAMA
Pəhriz saxlayarkən sevimli qidalardan tamamilə imtina etmək əvəzinə, qidalanmada 80/20 prinsipinə əməl etmək tövsiyə olunur.
Redaktor.az xəbər verir ki, qastroenteroloq Mariya Şamanskaya sağlam qidalanmanı planlaşdırarkən yeməklərin 80 faizinin faydalı qidalardan, 20 faizinin isə desert, bişmiş məhsullar və digər sevimli yeməklərdən ibarət olmasını məsləhət görüb.
Həkimin sözlərinə görə, yeməklərin tərkibi və hazırlanması nə qədər sadə olarsa, bir o qədər yaxşıdır. Tərəvəz və dənli bitkilərlə bişmiş balıq, zeytun yağı ilə hazırlanmış təzə tərəvəz salatı, meyvəli kəsmik, tərəvəz və ya yağsız ət bulyonu ilə hazırlanan şorbalar sadə və faydalı qidalara nümunədir.
Şamanskaya bildirib ki, məhsulun qablaşdırılmasında tərkib siyahısı nə qədər uzun və əlavələrin sayı nə qədər çox olarsa, həmin məhsul sadə qida anlayışından bir o qədər uzaqdır.
Onun sözlərinə görə, 80/20 prinsipi ciddi qadağalar və günahkarlıq hissi yaratmadan balanslı qidalanmağa imkan verir.
Qastroenteroloq həmçinin fast food, ultra emal olunmuş məhsullar və emal edilmiş ət məhsullarının, o cümlədən kolbasa, hot-doq, vetçina və bekonun qəbulunu məhdudlaşdırmağı tövsiyə edib.
Aytəkin TOFİQQIZI













