Bişmiş düyü niyə zəhərlənmə mənbəyinə çevrilir? - Ekspert AÇIQLADI

 16:42 10.09.2026     480

İsmayıllı rayonunda toyda kütləvi zəhərlənmə olub. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən məsələ ilə bağlı araşdırma başlanılıb və laborator müayinələrin nəticələrinə əsasən, bişmiş düyü nümunəsində Bacillus cereus, zərərçəkən şəxslərdən götürülmüş nümunələrdə isə Staphylococcus aureus və Escherichia coli (bağırsaq çöpü) bakteriyaları aşkarlanıb. Qeyd olunub ki, toy məclisində istehlak olunan qidalar ev şəraitində hazırlanıb.

Bəs hansı hallarda düyüdə bu bakteriyalar yaranır? Qidaların evdə hazırlanması problemlərin yaranmasına səbəb kimi göstərilə bilərmi?

Redaktor.az-a danışan qida eksperti Fərid Səfərov bildirdi ki, düyü özü təhlükəli məhsul deyil, lakin bişirildikdən sonra düzgün saxlanmadıqda qida zəhərlənmələri üçün əlverişli mühitə çevrilə bilər:

"Xüsusilə Bacillus cereus bu baxımdan diqqət tələb edən bakteriyadır. Onun sporları torpaqda, tozda və müxtəlif xammallarda təbii şəkildə mövcud ola bilər və düyünün bişirilməsi bütün sporları məhv etməyə bilər. Əsas risk düyünün bişirildikdən sonra otaq temperaturunda uzun müddət saxlanmasıdır. Bu zaman sporlar aktivləşərək bakteriyaların çoxalmasına və bəzi hallarda istiliyə davamlı toksinlərin yaranmasına səbəb ola bilər. Xüsusilə toy, mərasim və digər kütləvi tədbirlərdə böyük həcmdə düyünün əvvəlcədən hazırlanması, uzun müddət isti və ya ilıq vəziyyətdə saxlanması, soyudulmasının gecikməsi riski artırır. Buna görə bişmiş düyü mümkün qədər tez soyudulmalı və soyuducuda saxlanmalıdır; yenidən təqdim edilərkən isə kifayət qədər qızdırılmalıdır".

Onun sözlərinə görə, burada Staphylococcus aureus və E. coli aşkarlanması da ayrıca əhəmiyyətlidir:

"Bu bakteriyalar yalnız düyü ilə əlaqələndirilə bilməz. Onlar ət, süd məhsulları, salatlar, souslar və digər hazır qidalara da çirkli əllər, xammal, avadanlıq, su və çarpaz çirklənmə vasitəsilə keçə bilər. Staphylococcus aureus xüsusilə qidanın hazırlanması zamanı insanın əlindən və dərisindən qidaya keçə bilər. E. coli isə əsasən sanitar-gigiyenik qaydalara əməl edilməməsi və çarpaz çirklənmə ilə əlaqələndirilir".

Fərid Səfərov qidanın ev şəraitində hazırlanması məsələsinə də toxundu:

"Qidaların ev şəraitində hazırlanması öz-özlüyündə zəhərlənmə səbəbi deyil. Evdə də təhlükəsiz qida hazırlamaq mümkündür. Lakin kütləvi tədbirlərdə çoxlu sayda yeməyin eyni vaxtda hazırlanması, soyuducuda kifayət qədər yerin olmaması, qidaların uzun müddət otaq temperaturunda qalması, çiy və bişmiş məhsulların təmasda olması, şəxsi gigiyenaya və temperatur rejiminə kifayət qədər nəzarət edilməməsi riski əhəmiyyətli dərəcədə artırır. Ona görə belə hallarda əsas məsələ yeməyin evdə və ya iaşə obyektində hazırlanması deyil, qidanın hazırlanması, saxlanması, daşınması və süfrəyə verilməsi zamanı gigiyena və temperatur tələblərinə nə dərəcədə riayət olunmasıdır. Kütləvi məclislərdə isə xüsusilə düyü, ət, mayonezli salatlar, kremli məhsullar və digər tez xarab olan qidalar üzrə bu nəzarət daha ciddi aparılmalıdır".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən