Süni intellekt xərçəngin müalicəsinin tapılmasına kömək edə bilərmi? - Professor AÇIQLADI
Süni intellektin tibbdə tətbiqi xərçəng də daxil olmaqla bir sıra ağır xəstəliklərin müalicəsində yeni imkanlar yarada bilər. Böyük Britaniyanın Kembric şəhərində yerləşən çip dizayn şirkəti "Arm Holdings"in baş icraçı direktoru Rene Haas da süni intellektin tibbdə böyük dəyişikliklərə səbəb olacağını bildirib.
Maraqlıdır, süni intellekt gələcəkdə xərçəngin tam müalicəsini tapmağa həqiqətən kömək edə bilərmi?
Tibbi ekspert, tibb elmləri doktoru, professor Adil Qeybulla Redaktor.az-a açıqlamasında bildirdi ki, süni intellektin nəinki tibbdə, ictimai həyatın bütün sahələrində və elmdə çox böyük inkişaflara səbəb olacağı şübhəsizdir:
“Əvvəla, çox böyük bir məlumat bazasının toplanması, onların analiz edilməsi, lazımi məntiqi nəticələrin oradan çıxarılması və s. – bunlar süni intellektin imkanında olan məsələlərdir. Bu baxımdan da müxtəlif xəstəliklərin müalicəsində həkimin bəzən ağlına gəlməyən məsələlərdə süni intellekt ona yardımçı olaraq istiqamət verə bilər, elmi tədqiqatlara töhfə verə bilər və s.”
Həmsöhbətimiz süni intellektin xərçəngin müalicəsində istifadə olunması ehtimalından da bəhs etdi.
“Ümumiyyətlə, xərçəng xəstəliyi konkret bir agentlə, bir infeksiya ilə, bir faktorla baş verən xəstəlik deyil. Bu, müxtəlif və çoxsaylı səbəblərdən yaranır və bunların içində genetik səbəblər də az deyil. Bu, nəzarətdən çıxmış inkişaf deməkdir.
Nəzarətdən çıxmış inkişaf olduğuna görə xərçəng hüceyrələri qan damarları və limfa sistemi vasitəsilə bütün bədənə yayıla bilir və bəzən də, təbii ki, bunun qarşısını almaq çox çətin olur.
Onkoloji hüceyrələrin özlərini müdafiə etmək qabiliyyətləri var. Onlarda “kontrol nöqtələri” deyilən mexanizmlər, müxtəlif zülallar var ki, onları immun sisteminin hücumundan qoruyur. Onlar orqanizmdə qidalanır və artıb çoxalırlar.
Ona görə də xərçəngin müalicəsinin tapılması məsələsi bir az nisbi məsələdir. Yəni hər halda bu məsələ real görünmür. Bəli, xərçəngin müalicəsində çox böyük inkişaflar olacaq. Amma nəzərə alaq ki, getdikcə pisləşən ekoloji faktorlar və s. bu xəstəliyin daha aqressiv formalarının da inkişafına təkan verir”, - deyə A.Qeybulla əlavə etdi.
Aytəkin TOFİQQIZI













