Süni kirpiklər gözlər üçün risk yaradır - Araşdırma

 17:02 11.09.2026     300

Mütəmadi kirpik uzatdırmaq göz qıcıqlanması, göz qapaqlarındakı vəzilərin fəaliyyətinin pozulması və mikroskopik gənələrin yaranması ilə əlaqələndirilir.

Redaktor.az xəbər verir ki, bu barədə Avropa Katarakt və Refraktiv Cərrahlar Cəmiyyətinin (ESCRS) 44-cü Konqresində təqdim edilən tədqiqatda qeyd olunub.

Tədqiqatda 16-28 yaş arası 345 qadın iştirak edib. Onların təxminən dörddə biri daha əvvəl kirpik uzatdırıb. Bu qadınların 58 faizi proseduru hər üç-dörd həftədən bir təkrarlayıb.

Araşdırmaya görə, qadınların təxminən 48 faizində kirpik uzatdırdıqdan sonra narahatlıq, göz qızartısı, göz yaşarması və qaşınma müşahidə olunub.

Alimlər ən azı 10 dəfə kirpik uzatdıran qadınların göz qapaqlarında yerləşən meybom vəzilərinin vəziyyətini də araşdırıblar. Bu vəzilər gözləri qurumaqdan qoruyan yağlı maddə ifraz edir. İştirakçıların 85 faizində həmin vəzilərin fəaliyyətində pozulma əlamətləri aşkarlanıb.

Bundan əlavə, mütəmadi olaraq kirpik uzatdıran 25 qadının kirpik nümunələri mikroskop altında araşdırılıb. Onlardan 24-də Demodex folliculorum gənəsi aşkar edilib. 18 qadında isə qaşınma, göz qapaqlarının qızarması və şişməsi, dərinin soyulması və kirpiklərin topalaşması kimi iltihab əlamətləri müşahidə olunub.

Alimlər bildiriblər ki, Demodex gənələrinin aşkar edilməsi özlüyündə xəstəlik əlaməti deyil. Bu gənələr sağlam insanlarda da ola bilər. Bununla belə, mütəmadi kirpik uzatdıran şəxslərə göz qapaqlarının gigiyenasına diqqət yetirmək və davamlı qıcıqlanma yarandıqda həkimə müraciət etmək tövsiyə olunur.

Aytəkin TOFİQQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən