D vitamini çatışmazlığı gözlər üçün təhlükə yarada BİLƏR
D vitamini çatışmazlığı gözün tor qişası və damar qişasındakı kiçik damarlarda dəyişikliklərlə əlaqəli ola bilər.
Redaktor.az xəbər verir ki, alimlər bu qənaətə “Nutrients” jurnalında dərc olunan araşdırmaların icmalından sonra gəliblər.
Tədqiqat müəllifləri uşaqlar və böyüklər arasında qanda D vitamini səviyyəsi ilə göz damarlarının vəziyyətinin müqayisə edildiyi araşdırmaları təhlil ediblər. Damarların qiymətləndirilməsi üçün optik koherent tomoqrafiya və angioqrafiya kimi üsullardan istifadə olunub.
Bir sıra araşdırmalarda D vitamini çatışmazlığı zamanı tor qişadakı kiçik damarların sıxlığının azaldığı, həmçinin tor qişanı qanla təmin edən damar qişasının qalınlığının və damarlanmasının zəiflədiyi müşahidə olunub. D vitamininin aşağı səviyyəsi tor qişa damarlarının tutulması olan pasiyentlərdə də daha çox qeydə alınıb.
Tor qişa damarlarında baş verən dəyişikliklər onun qanla təchizatının pozulmasına səbəb ola bilər. Ağır hallarda damar problemləri tor qişa hüceyrələrinə zərər verərək görmənin zəifləməsinə, hətta görmə itkisinə gətirib çıxara bilər.
Araşdırmalarda D vitamini çatışmazlığı aradan qaldırıldıqdan sonra preparatın qəbul edilməsi ilə gözün damar qişasının qalınlığının və damarlanmasının artdığı müşahidə olunub. Lakin hazırda D vitamini qəbulunun tor qişanın qanla təchizatını və ya görmə qabiliyyətini yaxşılaşdırdığını təsdiqləyən kifayət qədər əsaslı sübut yoxdur.
Müəlliflər hesab edirlər ki, D vitamini iltihabın tənzimlənməsində və damar divarının fəaliyyətində iştirakı sayəsində göz damarlarının sağlamlığının qorunmasında potensial rol oynaya bilər.
Xədicə BAXIŞLI













