Süfrəmizə gələn çörək nə qədər təhlükəsizdir? - Gəncədəki müəssisədən sonra ŞOK FAKTLAR
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) keçirdiyi yoxlama zamanı Gəncədə çörək istehsalı müəssisəsində sanitar-gigiyenik tələblərin pozulduğu, su, alət və avadanlıqların təmiz olmadığı, işçilərin şəxsi gigiyena qaydalarına əməl etmədiyi aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
Çörək istehsalı müəssisəsində istifadə olunan suyun təmiz olmaması hazır məhsul üçün hansı riskləri yaradır? İstehsal zamanı alət və avadanlıqların lazımi qaydada təmizlənməməsi çörəyə hansı bakteriya və mikroorqanizmlərin keçməsinə səbəb ola bilər?
Məsələ haqda Redaktor.az-a danışan qida eksperti Fərid Səfərovun sözlərinə görə, çörək istehsalında su, alət-avadanlıq və işçi gigiyenası birbaşa məhsulun təhlükəsizliyinə təsir edən əsas amillərdəndir:
"Xüsusilə istehsalda istifadə olunan suyun mikrobioloji və kimyəvi baxımdan təhlükəsiz olmaması ciddi risk yarada bilər. Suyun təmiz olmaması ilk növbədə çörəyə müxtəlif patogen mikroorqanizmlərin keçməsinə səbəb ola bilər. Çirkli suyun tərkibində Escherichia coli, Salmonella, Shigella, enterokoklar və digər mikroorqanizmlər ola bilər. Bundan əlavə, suyun kimyəvi çirklənməsi də məhsulun keyfiyyətinə və insan sağlamlığına mənfi təsir göstərə bilər. Çörək bişirilərkən yüksək temperatur bir çox mikroorqanizmi məhv etsə də, bu, çirklənmiş suyun istifadəsini təhlükəsiz etmir. Çünki istehsalın sonrakı mərhələlərində, məsələn, bişmiş çörəklə təmasda olan səthlər və avadanlıqlar vasitəsilə yenidən çirklənmə baş verə bilər".

Həmsöhbətimiz diqqətə çatdırdı ki, alət və avadanlıqların lazımi qaydada təmizlənməməsi isə həm xəstəlik törədən bakteriyaların, həm də məhsulun xarab olmasına səbəb olan mikroorqanizmlərin yayılması üçün əlverişli şərait yaradır:
"Belə səthlərdə Staphylococcus aureus, Salmonella, E. coli, Listeria monocytogenes və digər bakteriyalar qala bilər. Həmçinin kif göbələkləri və mayalar da avadanlıqlarda toplanaraq çörəyin daha tez xarab olmasına, kiflənməsinə və keyfiyyətinin pisləşməsinə səbəb ola bilər. Burada bir məqamı da vurğulamaq lazımdır: çörəyin bişirilməsi bütün riskləri avtomatik aradan qaldırmır. Əgər bişmiş məhsul sonrakı mərhələdə çirkli bıçaq, tepsi, konveyer, əl və ya digər səthlərlə təmas edərsə, çörək yenidən mikrobioloji çirklənməyə məruz qala bilər. Buna görə istehsal müəssisəsində yalnız sobanın temperaturuna deyil, suyun keyfiyyətinə, avadanlıqların yuyulub-dezinfeksiya edilməsinə, işçilərin şəxsi gigiyenasına və hazır məhsulun düzgün saxlanmasına kompleks şəkildə nəzarət edilməlidir".
Aytəkin TOFİQQIZI













