Hamilə qadınlar bunları yeməlidir - Həkimdən MƏSLƏHƏTLƏR
"Kalori baxımından çox zəngin olmayan, sağlam qidalar tövsiyə edirik. Bu baxımdan, balanslaşdırılmış qidalanma deyəndə qidada zülal, yağlar və karbohidratların səviyyəsinin və nisbətinin düzgün şəkildə qorunması nəzərdə tutulur".
Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayım zamanı Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Ruidə İsayeva bildirdi.
Onun sözlərinə görə, zülallar özlüyündə hamilənin qidalanmasında çox önəm daşıyır:
"Zülalın həm heyvani, həm də bitki mənşəli növləri tövsiyə olunur. Heyvani mənşəli zülallarda ona fikir vermək lazımdır ki, heyvani yağların miqdarı çox olmasın. Yəni yağsız ətdən, quş ətindən və balıqdan istifadə etmək tövsiyə olunur. Bitki mənşəli zülallara isə lobya, mərcimək və digər paxlalıları daxil etmək olar. Karbohidratların qəbulunda və balansında ona önəmli fikir vermək lazımdır ki, asan həzm olunan karbohidratlar deyilən bir anlayış var. Bunlar qanda qlikemik indeksi çox sürətlə yüksəldir və insulinin sürətli şəkildə artmasına səbəb olur. Bunların əvəzinə daha çətin həzm olunan karbohidratlardan, məsələn, tam buğdadan, qarabaşaqdan, yulafdan və qəhvəyi düyüdən istifadə etmək tövsiyə olunur. Karbohidratlar qidamızın mütləq bir hissəsidir və balanslı qidaya daxil olmalıdır. Ancaq qeyd etdiyim kimi, sağlam karbohidratlara üstünlük verilməlidir".
NURİYYƏ













