"Hamilələrə həftə ərzində 150 dəqiqə fiziki aktivlik lazımdır" - Həkim
"Bütün dünyada sosial şəbəkələrin inkişafının müsbət tərəflərindən biri də budur ki, sübutlu tibb deyilən anlayış bizə çox kömək edən bir mənbəyə çevrilib. Dünyanın müxtəlif ölkələrində aparılan tədqiqatlar birləşdirilir, ümumi bazaya yığılır və protokollar hazırlanır".
Redaktor.az xəbər verir ki, bunu Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Ruidə İsayeva bildirdi.
Həkim nəzərə çatdırdı ki, sübutlu təbabətin son tədqiqatlarına əsaslanaraq, dünya protokollarında hamilələrə gün ərzində mütləq fiziki aktivlik tövsiyə olunur:
"Minimum olaraq həftə ərzində təxminən 150 dəqiqə hamiləliyə uyğunlaşdırılmış aerobik hərəkətlər və ya digər növ fiziki aktivlik, məsələn, üzgüçülük, pilates və yoqa tövsiyə edilir. Çünki fiziki aktivlik zamanı əzələlərin yığılması və əzələlərin tonusda olması təmin edilir. Əzələ yığıldıqda qəbul etdiyimiz karbohidratların, qlükozanın insulindən asılı olmayaraq hüceyrəyə daxil olma mexanizmi işə düşür. Bu da insulin müqavimətini azaldır. Hamilələrdə ən çox qorxduğumuz hallardan biri insulin müqavimətinin yaranması və hərəkətsizlik nəticəsində hamiləlik diabetinin, yəni gestasion diabetin inkişaf etməsidir. Fiziki aktivlik bu təhlükələrin qarşısının alınmasına kömək edir".
NURİYYƏ













