Kokos yağı yaddaşı yaxşılaşdıra və narahatlığı azalda bilər - ARAŞDIRMA
Kokos yağı beynin xroniki streslə əlaqəli dəyişikliklərdən qorunmasına kömək edə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə “Frontiers in Nutrition” jurnalında dərc olunan araşdırmada məlumat verilib.
Təcrübə yetkin erkək siçovullar üzərində aparılıb. Heyvanlar xroniki stressə məruz qoyulub və hərəkətləri məhdudlaşdırılıb. Onlara kokos yağı stressdən əvvəl, stress zamanı və ya sonra verilib. Bu yolla tədqiqatçılar yağın hansı mərhələdə daha təsirli olduğunu müəyyənləşdirməyə çalışıblar.
Araşdırma zamanı kokos yağı qəbul edən siçovullarda fəza öyrənmə və yaddaşın yaxşılaşdığı, narahat davranışların isə azaldığı müşahidə olunub. Həmçinin öyrənmə və yaddaş üçün vacib olan hipokampusun zədələnməsinin azaldığı müəyyən edilib.
Bundan əlavə, heyvanlarda stress hormonu olan kortikosteronun səviyyəsi və oksidləşdirici zərər göstəriciləri aşağı düşüb, antioksidant müdafiə isə yaxşılaşıb.
Toxuma analizləri kokos yağının hipokampusdakı neyronların normal vəziyyətinin qorunmasına da kömək etdiyini göstərib. Ən güclü qoruyucu təsir yağın xroniki stressə məruz qalmazdan əvvəl tətbiq edildiyi zaman müşahidə olunub.
Tədqiqat müəllifləri bu təsirin kokos yağında olan orta zəncirli yağ turşuları, xüsusilə kapril turşusu, həmçinin polifenollar və antioksidantlarla əlaqəli ola biləcəyini bildiriblər.
Qeyd edək ki, araşdırma insanlar üzərində deyil, siçovullar üzərində aparılıb. Buna görə nəticələrin insanlara birbaşa şamil edilə biləcəyi hələ məlum deyil.
Aytəkin TOFİQQIZI













