Uşaqlarda nitq gecikməsi nə vaxt təhlükəlidir? - Nevroloq AÇIQLADI

 18:19 17.09.2026     137

Uşaqlarda nitqin gecikməsi valideynləri ən çox narahat edən inkişaf məsələlərindən biridir.

Lakin maraqlıdır ki, uşaqlarda nitqin gecikməsi hansı hallarda normal inkişaf xüsusiyyəti sayıla bilər, hansı əlamətlər isə valideynləri narahat etməli və nevroloqa müraciət üçün əsas olmalıdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan nevroloq Röyanə Quluzadə bildirdi ki, uşağın ilk sözünü deməsi valideynlər üçün ən yaddaqalan inkişaf mərhələlərindən biridir. Lakin bəzi uşaqlar yaşıdlarından daha gec danışmağa başlayırlar:

"Uşağın inkişafında nitq və dil bacarıqları mühüm göstəricilərdən biridir. Nitqin inkişaf tempi uşaqlarda müəyyən qədər fərqlənə bilər. Bəzi uşaqlar ilk sözlərini daha erkən, bəziləri isə bir qədər gec deyirlər. Bununla belə, nitq gecikməsini sadəcə “uşaq gec danışacaq, vaxtı gələndə açılacaq” düşüncəsi ilə uzun müddət gözləmək düzgün yanaşma deyil. Çünki nitq gecikməsi bəzən sadəcə fərdi inkişaf xüsusiyyəti olduğu halda, bəzi hallarda eşitmə problemləri, inkişaf geriliyi, autizm spektr pozuntusu, nevroloji və ya digər inkişafla əlaqəli vəziyyətlərin erkən əlaməti ola bilər".

Həkim əlavə etdi ki, uşağın inkişafını qiymətləndirərkən yalnız neçə söz deməsi deyil, sözləri necə başa düşməsi, ünsiyyət qurması, jestlərdən istifadə etməsi və sosial qarşılıqlı əlaqəsi də nəzərə alınmalıdır:

6 aya qədər uşaqlar səslərə reaksiya verməli, müxtəlif səslənmələr və babıldama nümayiş etdirməyə başlamalıdır. Səsə və xüsusilə valideynin səsinə reaksiya verməməsi, göz kontaktının çox zəif olması, səs çıxarma və babıldamanın olmaması valideynin diqqət yetirməli olduğu məqamlardır.

9-12 ay arasında uşaqlar adətən müxtəlif hecalardan istifadə etməyə, ətrafındakı insanların səslərini təqlid etməyə və ünsiyyət məqsədilə jestlərdən istifadə etməyə başlayırlar. 12 aya yaxın uşağın babıldamasının olmaması, jestlərdən istifadə etməməsi və ünsiyyətə marağının zəif olması qiymətləndirmə üçün səbəbdir.

18 aylıq dövr nitq inkişafının mühüm mərhələlərindən biridir. Uşaq artıq müəyyən sözlərdən məqsədli şəkildə istifadə etməli və sadə deyilənləri başa düşməlidir. 18 aylıq uşağın mənalı sözlərinin olmaması və ya çox məhdud olması valideynin pediatr və lazım gəldikdə uşaq nevroloqu ilə məsləhətləşməsini tələb edir.

İki yaş ətrafında uşağın söz ehtiyatı əhəmiyyətli dərəcədə artır və sadə söz birləşmələri formalaşmağa başlayır. Bu yaşda söz ehtiyatının çox məhdud olması, iki sözlü ifadələrin yaranmaması, sadə tapşırıqları anlamaması, istək və ehtiyaclarını əsasən ağlama və davranışla ifadə etməsi diqqət tələb edən əlamətlərdir.

Üç yaşa yaxın uşaq artıq daha mürəkkəb ifadələr qurmağa, suallar verməyə və böyüklərlə qarşılıqlı ünsiyyətə başlayır. Nitqin həmyaşıdlar və ailə üzvləri tərəfindən çox çətin anlaşılması, cümlələrin formalaşmaması və ünsiyyətə marağın zəif olması mütləq qiymətləndirilməlidir".

Müsahibimiz hesab edir ki, nitq gecikməsində ən vacib məqam yalnız “uşaq neçə söz deyir?” sualı deyil:

"Uşağın ümumi kommunikasiya və sosial inkişafı da qiymətləndirilməlidir. Uşaq adına çağırıldıqda mütəmadi olaraq reaksiya vermirsə, göz kontaktı zəifdirsə, işarə etmək, göstərmək, əl yelləmək kimi jestlərdən istifadə etmirsə və valideynlə qarşılıqlı ünsiyyətə marağı azdırsa, mütəxəssisə müraciət etmək məqsədəuyğundur. Eyni zamanda, sadə söz və tapşırıqları anlamaması, söz ehtiyatının yaşına görə çox məhdud olması, sözlərdən məqsədli kommunikasiya üçün istifadə etməməsi də diqqət tələb edən hallardır.

Əvvəllər istifadə etdiyi sözləri və ya bacarıqları itirməsi, təkrarlayıcı səslənmə və ya ifadələrin üstünlük təşkil etməsi, yaşıdları ilə ünsiyyətə maraq göstərməməsi, nitq gecikməsi ilə yanaşı digər inkişaf sahələrində də geriliyin müşahidə olunması mütəxəssis qiymətləndirməsini zəruri edir. Xüsusilə əvvəllər əldə edilmiş nitq və ya digər inkişaf bacarıqlarının geriləməsi gözləmə mövqeyində qalmaq üçün səbəb deyil və uşağın vaxtında mütəxəssis tərəfindən qiymətləndirilməsini tələb edir".

Onun sözlərinə görə, nitq gecikməsinin çoxsaylı səbəbləri ola bilər və hər gec danışan uşaqda nevroloji xəstəlik olduğunu düşünmək doğru deyil:

"Bəzi uşaqlarda nitq inkişafı fərdi xüsusiyyət kimi daha yavaş gedə bilər. Digər hallarda isə eşitmə zəifliyi, dil və nitq inkişaf pozuntuları, ümumi inkişaf xüsusiyyətləri, autizm spektr pozuntuları və müxtəlif tibbi-nevroloji səbəblər araşdırılmalıdır. Bu səbəbdən “gec danışırsa, mütləq nevroloji problemdir” və ya əksinə, “gec danışmaq normaldır, gözləmək lazımdır” kimi universal yanaşmalar düzgün deyil.

İlk mərhələdə uşağın inkişafının pediatr tərəfindən qiymətləndirilməsi və eşitmənin yoxlanılması vacibdir. Nitq və dil sahəsində problem müəyyən edilərsə, loqoped və digər inkişaf mütəxəssislərinin qiymətləndirməsi lazım ola bilər. Nitq gecikməsi digər inkişaf və ya davranış əlamətləri ilə müşayiət olunursa, uşaq nevroloqunun qiymətləndirməsi xüsusilə əhəmiyyətlidir. Mütəxəssis uşağın yalnız nitqini deyil, ümumi inkişafını, sosial ünsiyyətini, motor bacarıqlarını, anlama qabiliyyətini və nevroloji vəziyyətini birlikdə dəyərləndirir.

Valideynlərin ən çox etdiyi səhvlərdən biri uşağın nitqindəki gecikməni uzun müddət müşahidə edib “bir neçə aya düzələr” düşüncəsi ilə mütəxəssisə müraciəti təxirə salmaqdır. Halbuki inkişaf problemlərində erkən qiymətləndirmə və ehtiyac olduqda erkən müdaxilə uşağın kommunikasiya və ümumi inkişaf potensialından daha yaxşı istifadə etməsinə kömək edə bilər".

Həkimin fikrincə, valideyn uşağını digər uşaqlarla müqayisə etməkdənsə, onun inkişaf dinamikasını izləməlidir.

"Uşağın sözlərinin sayı ilə yanaşı, ünsiyyət qurmaq istəyi, deyilənləri anlaması, jestlərdən istifadə etməsi, göz kontaktı və sosial qarşılıqlı əlaqəsi də nəzərə alınmalıdır.

12 ayda babıldama və kommunikativ jestlərə, 18 ayda mənalı sözlərin yaranmasına, 2 yaşda söz ehtiyatı və iki sözlü ifadələrə, 3 yaşda isə cümlə qurma və qarşılıqlı ünsiyyətə diqqət yetirmək lazımdır. Uşaqda nitq gecikməsi ilə yanaşı göz kontaktının zəifliyi, adına reaksiyanın olmaması, ünsiyyətə marağın azalması və ya əvvəlki bacarıqların itirilməsi varsa, mütəxəssisə müraciəti gecikdirmək olmaz", - deyə Röyanə Quluzadə vurğuladı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən