Payız aylarında allergik şikayətlər niyə artır? - Həkimdən açıqlama
"Payız aylarında havaların birdən-birə soyuması, rütubətlilik əmsalının artması və bəzi bitkilərin məhz bu dövrdə tozlanması allergik xəstəliklərlə bağlı şikayətlərin artmasına səbəb ola bilər".
Redaktor.az xəbər verir ki, bu fikirləri allerqoloq Gülnar Quliyeva sosial şəbəkə hesabında yazıb.
"Rütubətli havalarda, xüsusilə qapalı və nəmli mühitlərdə ev tozu allergiyası da şiddətlənir. Ev tozunun əsas tərkib hissələrindən biri ev tozu gənələridir. Onlar rütubətli aylarda daha sürətlə artıb çoxalırlar. Buna görə də ev tozu allergiyasından əziyyət çəkən pasiyentlərin şikayətləri payız aylarında kəskinləşə bilər.
Bununla yanaşı, payız aylarında havaların soyuması ilə daha çox qapalı məkanlarda zaman keçirməyə başlayırıq. Açıq havada əvvəlki qədər vaxt keçirmədiyimiz üçün qapalı mühitdə tozla təmasın artması allergik xəstəliklərin şiddətlənməsinə səbəb ola bilər.
Payız aylarında yuxarı tənəffüs yollarının infeksiyalarına – qrip, soyuqdəymə və zökəmə də daha tez-tez rast gəlinir. Bu infeksiyalar allergik xəstəlikləri tətikləyərək xəstəliyə xas şikayətlərin ortaya çıxmasına səbəb ola bilər.
Ona görə də allergiyadan, tənəffüs yolu allergiyasından, allergik rinitdən və ya bronxial astmadan əziyyət çəkirsinizsə, payızın gəlişi ilə birlikdə mütləq şəkildə allergiya və astma əleyhinə müalicələrinizi davam etdirməli və ya həkiminizin tövsiyəsi ilə müalicə almalısınız".
Xədicə BAXIŞLI













