20 ton məhsul geri qaytarıldı, amma sual açıq qaldı: Təhlükə niyə əvvəlcədən aşkarlanmadı?
Xəbər verdiyimiz kimi, “Vita Milk” MMC-nin idxal etdiyi bitki tərkibli 20 ton spred yağında insan sağlamlığı üçün risk yarada bilən 3-MCPD göstəricisi üzrə uyğunsuzluq aşkarlanıb.
Bu tip uyğunsuzluqların məhsul Azərbaycana gətirilməzdən əvvəl aşkarlanması mümkün deyilmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında qida eksperti İlkin Şirinov qeyd etdi ki, burada söhbət adi xarab olmuş və yaxud saxta məhsuldan getmir.
Onun sözlərinə görə, 3-MCPD yağların yüksək temperaturda emalı zamanı yarana bilən emal çirkləndiricisidir:
"Yəni bu, istehsal çirkləndiricisi sayılır. Ona görə də belə hallarda məhsulun yalnız görünüşünə, qoxusuna, dadına baxmaqla problemi həll etmək mümkün deyil. Bunun üçün laborator müayinə mütləqdir və lazımdır. İdxal olunan bitki tərkibli yağlar, spredlər müəyyən nəzarət prosedurundan keçir. Amma burada mikrobioloji, fiziki-kimyəvi, təhlükəsizlik göstəriciləri üzrə müxtəlif müayinələr tətbiq oluna bilər.
Lakin bütün məhsulların, bütün göstəricilər üzrə hər dəfə laborator yoxlamalarda real və praktiki yanaşma eyni olmur. Nəzarət risk əsaslı həyata keçirilməlidir. 3-MCPD məhz belə göstəricilərdən olması ilə yanaşı, bunun müəyyən edilməsi üçün də xüsusi analizlər mütləq tələb olunur. Əgər konkret partiyadan nümunə götürülür və analiz nəticəsində normadan artıq aşkarlanırsa, həmin məhsulun dövriyyəyə buraxılmaması, qanunvericiliyə uyğun tədbir görülməsi istehlakçıların təhlükəsizliyi baxımından düzgün mexanizmdir. Əgər bu olmasa, yəni laboratoriya nəticəsində, analiz nəticəsində bu aşkarlanırsa, təbii ki, bunun buraxılmaması da birbaşa şəkildə təhlükəsizlik baxımından normal qəbul edilir və buna qarşı heç kim də çıxa bilməz.
Amma burada vacib bir sual da ortaya çıxır: belə uyğunsuzluq ölkəyə daxil olandan sonra deyil, əvvəl və yaxud sərhəddə, və yaxud sərhədə yaxınlaşanda aşkar oluna bilərmi? Təbii ki, bunun üçün laboratoriya imkanları, risk əsaslı nəzarət mexanizmləri mövcuddur. Xüsusilə də müəyyən istehsalçı, məhsul və ya mənşə ölkəsi üzrə əvvəllər uyğunsuzluqlar aşkarlanıbsa, həmin istiqamətdə nəzarətin gücləndirilməsi daha məqsədəuyğun olar. Bundan əvvəl də bu cür məhsullarla bağlı problemlər yaranıbsa, yenidən, yəni bu artıq burada bir risk məsələsi var. Ona görə də bu cür məhsullarda nəzarətin gücləndirilməsi vacibdir".

Müsahibimiz hesab edir ki, burada yalnız hazır məhsula yox, onun xammalına da diqqət yetirmək lazımdır:
"Çünki spred istehsalında istifadə olunan yağın özündə 3-MCPD və yaxud digər emal çirkləndiriciləri yüksəkdirsə, hazır xammaldan keçdikdən sonra hazır məhsulda da bunun riskə düşməsi mümkündür. 20 ton məhsulun geri qaytarılması onu göstərir ki, nəzarət mexanizmi var və uyğunsuz məhsulun bazardan çıxarılması da məhz bu nəzarət mexanizminin olmasına görədir.
Amma qida təhlükəsizliyində əsas məqsəd problemin bazara çıxandan sonra deyil, ondan əvvəl müəyyən olunmasıdır. İstehlakçı bilməlidir ki, hər yağın rəngi, qoxusu, dadı onun təhlükəsizliyinin göstəricisi deyil. Məsələn, bəzi kimyəvi çirkləndiricilər var ki, heç onlar hiss olunmur və yalnız laboratoriyalarda müəyyən oluna bilir.
Ona görə də belə hallarda əsas məsələ, yəni malı geri qaytardıq deməklə deyil, əsas məsələ həmin məhsulun hansı mərhələdə yoxlanılması, hansı göstəricilər üzrə sınaqdan keçirilməsi, riskin ölkəyə daxil olmamışdan əvvəl müəyyən edilməsi üçün hansı mexanizmlərin tətbiq olunmasıdır. Həmçinin qida təhlükəsizliyində ən yaxşı nəticə məhsulu geri qaytarmaq deyil, istehlakçının həmin məhsulla ümumiyyətlə qarşılaşmamasına imkan verməməkdir.
Burada da ən böyük problemlərdən biri izlənəbilmə məsələsinin olmamasıdır".
O vurğuladı ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
"Yəqin ki, bunun tətbiqi də həyata yüksək səviyyədə keçiriləcək və bu kimi məsələlərdə artıq biz bunların qarşısını da almış olacağıq. Çünki burada xammaldan məhsula qədər olan bir prosesi izləyə bilmək imkanı olacaq. Yəni söhbət yerli istehsaldan gedir. İdxal olunan məhsulların da bazara çıxmamışdan öncə onların təhlükəsiz olub-olmamasını mümkün etmək ancaq laborator müayinələrlə mümkündür".
Aytəkin TOFİQQIZI













