Uşağınız məktəbə bunları aparırsa, diqqət: Mütəxəssisdən XƏBƏRDARLIQ

 17:32 18.09.2026     169

Məktəblərdə dərslərin başlaması ilə şagirdlərin gündəlik qidalanması məsələsi də aktuallaşıb. Xüsusilə uzun saatlarını məktəbdə keçirən uşaqların qida rasionunun düzgün qurulması onların həm sağlamlığı, həm də dərs zamanı diqqətli və enerjili olması baxımından əhəmiyyətlidir. 

Bəs valideynlər uşaqların məktəbə apardığı qidaları seçərkən nələrə diqqət etməlidirlər? Məktəb bufetlərində hansı məhsullardan uzaq durmaq lazımdır? 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında “Refresh Group” MMC-nin baş icraçı direktoru, qida təhlükəsizliyi üzrə mütəxəssis Seymur Qafarov bildirdi ki, yeni tədris ilində uşaqların məktəbli forması və dərs ləvazimatları ilə yanaşı, gündəlik qidalanmasına da xüsusi diqqət yetirilməlidir.

Onun sözlərinə görə, uşaqlar əsasən şəkərli məhsullara meyilli olurlar:

“Bildiyiniz kimi, uşaqlar daha çox şəkərli məhsullara meyil göstərirlər. Şirin məhsullara, unlu və şəkərli qənnadı məmulatlarına, şərq şirniyyatlarına maraq göstərirlər. Bunun xaricində, gündəlik istifadə etdikləri məhsulların tərkibində də müəyyən şəkər əlavələri və digər qida əlavələri mövcuddur.

Qətiyyən tövsiyə olunmur ki, uşaqların məktəbə apardığı qidaların arasına rəngli, qazlı içkilər, çipslər, digər tərkibi duzlu və ədviyyatlı olan yüngül qəlyanaltılar, eyni zamanda bu qəbildən olan bəzi qidalar əlavə edilsin.

Qida rasionunda tərəvəz, quru meyvələr, qoz-fındıq və kişmiş, ev şəraitində hazırlanan, çox az şəkərli qənnadı məmulatları, səhər saatlarında əvvəlcədən hazırlana bilən çörəküstü qidalar və sendviçlərə üstünlük vermək olar. Təbii ki, bu qidaların 2 saat müddətində istehlak olunması şərtilə, uşaqların qablarına yerləşdirilməsi mümkündür. Bu şəkildə uşaqlar məktəbdə vaxtında qidalana bilərlər”.

Mütəxəssis məktəb bufetlərində qidalanarkən də uşaqların məhsul seçiminə diqqət yetirməli olduğunu bildirdi.

“Eyni zamanda, məktəb bufetlərində qidalanarkən də həddindən artıq yağlı qidalardan, hisə verilmiş məhsullardan, çipslərdən, energetik içkilərdən, hər hansı alkoqolsuz qazlı və şəkərli içkilərdən, həmçinin tərkibində müəyyən rəngləndiricilər, şirinləşdiricilər, dadlandırıcılar və digər qatqı maddələri olan məhsullardan imtina etməlidirlər.

Uşaqların sağlam gələcəyi nöqteyi-nəzərindən bu tipli qidaların qəbul olunması yolverilməz haldır. Tərəvəz tərkibli, torpaqdan və heyvan mənşəli məhsullardan əldə olunan, üzərində az emal prosesi aparılmış təbii qidalara üstünlük verməlidirlər”, – deyə Seymur Qafarov qeyd etdi.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən