Yuxusuz gecənin səhəri: Orqanizmdə hansı dəyişikliklər yaranır?

 08:50 22.09.2026     115

Cəmi bir gecə yuxusuz qalmaq belə insanın ertəsi gün özünü pis hiss etməsinə və gündəlik fəaliyyətinin çətinləşməsinə səbəb ola bilər.

Redaktor.az xəbər verir ki, terapevt Aleksandra Vişnyakova yuxusuz bir gecənin insan orqanizminə təsirlərindən lenta.ru-ya açıqlamasında danışıb.

Həkimin sözlərinə görə, yuxusuzluq ilk növbədə beynin fəaliyyətinə təsir göstərir. Belə halda diqqət və yaddaş zəifləyə, məlumatı sürətlə emal etmək və diqqət tələb edən işləri yerinə yetirmək çətinləşə bilər. Reaksiya müddətinin də artması mümkündür.

Vişnyakova bildirib ki, yuxusuzluq insanın emosional vəziyyətinə də təsir edir. İnsan daha əsəbi, narahat və emosional baxımdan qeyri-sabit ola bilər.

Həkim qeyd edib ki, yuxu çatışmazlığı iştahanı da artıra bilər. Bu isə qida seçiminə və qəbul edilən kalorinin miqdarına nəzarəti çətinləşdirə bilər.

Onun sözlərinə görə, bir gecəlik yuxu çatışmazlığı ürək-damar sisteminə də müvəqqəti təsir göstərə bilər. Yorğunluq və stressin artması bəzi insanlarda ürəkdöyünmə, baş ağrısı və gərginlik hissinə səbəb ola bilər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən